BAKI, 12 may — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanı "Avroviziya-2021"-də təmsil edəcək Samirə Əfəndi 2010-cu ildə sözügedən mahnı yarışında ölkəni təmsil etmiş Səfurə Əlizadənin Drip Drop mahnısına yeni həyat verib.
Samirə Əfəndi özü Sputnik Azərbaycan-a etiraf edib ki, repertuarına sevimli mahnılarından birini daxil etmək qərarına gəlib. Müğənni müsabiqənin "Avroviziya iştirakçılarının ev konsertləri" layihəsi çərçivəsində Drip Drop kompozisiyasını ifa edib.
Səfurə Əlizadə də bu məsələdə həmkarına dəstək verərək deyib: "Samirə, sadəcə, sehrlidir! Mənim mahnımı sənin ifasında eşitmək çox xoşdur. Sənə yaradıcılıq uğurları arzulayıram".
Müqayisə üçün kompozisiyanın Səfurə Əlizadənin ifasında orijinal versiyasını təqdim edirik:
Hazırda Samirə Əfəndi "Eurovision: Europe Shine" ("Avroviziya: Avropa işıq saçır") adlı vizual konsertə hazırlaşır və bu konsert mayın 16-da keçiriləcək.
Onlayn şou, koronavirus pandemiyasına görə 2020-ci il yarışı ləğv edilən müsabiqəni əvəz etmək üçün nəzərdə tutulub. Növbəti ilə köçürülməzdən qabaqkı 41 il ərzində "Avroviziya" vokal yarışmalarında ölkələrini təmsil etmiş digər ifaçılar da onlayn formatda çıxış edəcəklər.
Samirə Əfəndi "Avroviziya iştirakçılarının ev konsertləri" layihəsində tamaşaçılar üçün öz repertuarından olan mahnıları, eləcə də bu növbəti müsabiqədə Azərbaycanı təmsil edəcəyi "Kleopatra" kompozisiyasını ifa edib.
Müğənni Samirə Əfəndi Bakı Project Yaradıcılıq layihəsinin iştirakçısı kimi tanınır. Həmin layihənin tərkibinə Ruslan Hüseynov, Etibar Əsərli və Elvin Bəşirov kimi məşhur caz musiqiçiləri daxildir. Onlarla birlikdə Əfəndi müxtəlif ölkələrdə konsertlərlə çıxış edib. O, "Azərbaycanın səsi" müsabiqəsinin finalçısıdır, həmçinin Qazaxıstanda keçirilən "İpək Yolu 2017" beynəlxalq musiqi layihəsində iştirak edib.