Qarabağın azərbaycanlı icmasının rəhbəri Ermənistanın ombudsmanına cavab verdi

Ermənistanın ombudsmanının məqsədi əksər Ermənistan rəsmiləri kimi ölkəsinin sadəcə "danışıq xətrinə danışıq" taktikasına öz dəstəyini verməyə hesablanıb.
Sputnik

BAKI, 12 may — Sputnik. Azərbaycan Respublikasının vətəndaşlarının ən təməl insan hüquqlarını pozan dövlətin – Ermənistanın bir nümayəndəsinin belə bir bəyanatının siyasi təbliğat məqsədilə ortaya atıldığı göz önündədir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Ermənistanın ombudsmanı Arman Tatoyanın parlamentdə çıxışı zamanı səsləndirdiyi fikirlərə münasibət bildirərkən qeyd edib.

O qeyd edib ki, A.Tatoyan hazırda dəbdə olan insan hüquqları çətiri arxasında gizlənərək gəlişigözəl fikirlər səsləndirməyə çalışır: "İnsan hüquqlarından ağız dolusu danışan Tatoyan nədənsə ölkəsinin işğalı nəticəsində Azərbaycanın Qarabağ bölgəsində etnik təmizləməyə məruz qalmış yüz minlərlə azərbaycanlı məcburi köçkünlərin hüquqlarından danışmağı unudub".

İcma sədri vurğulayıb ki, Ermənistanın ombudsmanının məqsədi əksər Ermənistan rəsmiləri kimi ölkəsinin sadəcə "danışıq xətrinə danışıq" taktikasına öz dəstəyini verməyə hesablanıb: "Mən Ermənistanın siyasi rəhbərliyinin diqqətinə bir daha çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq biz dəfələrlə bölgənin erməni icmasının nümayəndələrini sülh şəraitində birgə yaşayışı müzakirə etmək üçün dialoqa dəvət etmişik, lakin müsbət bir cavab ala bilməmişik. Hansısa "danışıq xətrinə danışıq" deyil, məhz gələcəkdə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, sülh şəraitində birgə yaşayacaq iki icmanın dialoqu Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini yekun sülhə yaxınlaşdıra bilər.

Buna görə də, elə Tatoyanın özünü icmalararası dialoqu dəstəkləməyə dəvət edirəm. Amma, əgər Ermənistan ombudsmanı Ermənistanda insan hüquqlarının təməl prinsiplərinə hörmətlə yanaşmayan şəxsləri aşkar etməklə məşğul olmaq istəyirsə, o zaman Xocalı soyqırımını, müharibə cinayətlərini, insanlıq əleyhinə digər cinayətləri törədən şəxsləri mühakimə etməklə başlaya bilər.

Həmçinin, Ermənistan ombudsmanı, Ermənistan ərazisində etnik təmizləməyə məruz qalaraq kütləvi şəkildə öz ata-baba yurdlarından qovulmuş azərbaycanlıların pozulmuş hüquqlarının bərpasına çalışmalıdır. Bu məsələ BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövrü İcmal prosesi çərçivəsində dövrü hesabatlar zamanı Ermənistan qarşısında qaldırılıb".