BAKI, 12 may - Sputnik. Bu gün səhər saatlarından Bakı Metropoliteninin stansiyalarına giriş məhdudlaşdırılıb. Sərnişinlər metronun stansiyalarına buraxılmayıb.
Polis əməkdaşları bunun texniki məsələ ilə əlaqədar olduğunu bildiriblər. Məlumata görə, texniki fasilə 2 saata qədər davam edəcək.
“Bakı Metropoliteni”nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metroda gecə işlərini başa vurduqdan sonra xətti tərk edən sonuncu təsərrüfat qatarında texniki nasazlıq yaranıb: "Nasazlıq aradan qaldırıldıqdan sonra Bakı Metropoliteninin xətləri təlimat tələblərinə uyğun olaraq təkrarən yoxlanıldıqdan sonra elektrik qatarları xəttə buraxılıb və stansiyalar 08:00-dan sərnişinlərin girişinə açılıb".
Qeyd edək ki, yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar Azərbaycan Respublikası ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Bakı Metropoliteninin fəaliyyəti 38 günlük fasiədən sonra mayın 9-da, saat 06:00-dan etibarən bərpa edib.