BAKI, 11 may — Sputnik. Rusiyada Moskva vilayətinin Krasnaqorsk şəhərində yerləşən özəl hospisdə - tibbi-sosial müəssisədə yanğın nəticəsində 9 nəfər həlak olub.
Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional qərargahı məlumat yayıb.
Əraziyə gələn yanğınsöndürənlər binanın ikinci mərtəbəsində açıq alovun qarşısını alıb. Binada 29 nəfər ahıl yaşlı insan olub.
Yanğınsöndürənlər hadisə yerinə gəlməzdən qabaq 8 nəfər binanı özləri tərk ediblər, daha 9 nəfər təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıblar.
Bildirilib ki, özəl hospis qeyri-qanuni fəaliyyət göstərib və heç bir sənədi olmayıb. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hospisə əsasən ağır xəstəlikdən əziyyət çəkən və müalicəsi mümkün olmayan şəxslər yerləşdirilir. Burada müalicə almaq digər tibb müəssisələrinə nisbətən iqtisadi baxımdan daha sərfəlidir.