CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mozdokdan Bərdəyə kimi: “Döyüş atı” 80 il sonra da yaşayır

Kolleksiya həvəskarı hərbi rəssam Bayram Bayramov  böyük müharibənin yadigarını heç nə ilə dəyişmir. Hətta milyon versələr belə razı deyil
Sputnik

Musa Muradlı , Sputnik Azərbaycan

BAKI, 11 may — Sputnik. Böyük müharibənin şahidi və iştirakçısı olmuş alman motosikleti bu gün Bərdə rayonunun Kətəlparaq kəndindədir. Sputnik Azərbaycan-ın əməkdaşı kənddə olaraq, zamanın “döyüş atı” hesab edilən motosikletin hekayəsi ilə maraqlanıb.

Döyüşlərdə iştirak etmiş texnikanın indiki sahibi Bayram Bayramov bildirib ki, motosiklet alman ordusunun xüsusi təyinatlılarının istifadəsində olub. SS adlanan alman silahlı qüvvələrinin əsgərləri belə motosikletlərlə təmin olunurmuş.

Mozdokdan Bərdəyə kimi: “Döyüş atı” 80 il sonra da yaşayır

Müsahibimiz Bayram Əli oğlu Bayramov 1970-ci ildə Bərdə rayonunun Kətəparaq kəndində doğulub. Orta məktəb illərində rəssamlığa olan maraq onu sonunda bu sənətə bağlayıb. Ali təhsil alan rəssam hərbi mövzularda işləməyə üstünlük verir. Rəssam qeyd edir ki, belə mövzular batal janrı hesab olunur. Bu janrda işləyən rəssamlar isə əyani hərbi texnika və vəsaitlərə malik olmalıdır. 

“Hər bir rəssamın özünün şəxsi kolleksiyası olur. İşlətdiyi janra aid əyani vəsait əldə edir. Deyək ki, mən hərbçi rəssamamsa, əlimin altında hərbi geyim, hərbi maşın olmalıdır. Seçdiyim hərbi-batal janrına uyğun əldə elədiyim vəsaitlərdən biri də bu motosikletdir” – deyə Bayram Bayramov bildirib.

Bayram Bayramov motosikleti haradan və necə əldə etdiyini belə izah edib: “Bu motosikleti 15-16 il öncə bir nəfər müharibə veteranından əldə etmişəm. Həmin veteran deyirdi ki, istəyirəm bu texnika məndən sonra onu saxlayacaq, qədirin bilən bir adama qismət olsun. Onun mənimlə söhbəti baş tutdu. Sövdələşdik, pul verib, aldım. Bu da mən də bir hobbiyə çevrilib. Əntiq hərbi ləvazimatları toplamağı çox xoşlayıram”.

Mozdokdan Bərdəyə kimi: “Döyüş atı” 80 il sonra da yaşayır

Alman xüsusi təyinatlılarına məxsus olmuş motosikleti Bakıya gətirmiş azərbaycanlı döyüşçü qənimətinin tarixini də danışıb: “1942-ci ildə Mozdok döyüşlərində məhv etdiyimiz alman əsgərlərindən üç motosiklet əldə etmişdik. Müharibədən sonra 1954-1955-ci illərdə komandirimiz birini özünə götürdü, ikincisini isə bir çeçen döyüşçüyə verdi. Üçüncü motosikleti mənə hədiyyə elədi”.

Bayram Bayramov sahibi olduğu alman motosikletini özünün qiymətli əşyalarından hesab edir. Çox adamlar alman motosikletini ondan istəsə də, başqasına verməyə razı olmayıb. Hətta bunun üçün aldığı qiymətdən qat-qat artıq pul da təklif ediblər.

Bərdəli kolleksiyaçı tək motosiklet yox, alman xüsusi təyinatlılarına aid kaska, geyim dəstlərini də əldə edərək, kolleksiyasını zənginləşdirib.