Gürcüstanda vəziyyət sabitləşir: Yoluxmalar azalıb, qadağalar götürülür

Son sutkada daha 3 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub. Bununla da ölkədə təsdiqlənmiş yoluxanların sayı 638 nəfərə çatıb. 
Sputnik

BAKI, 11 may — Sputnik. Bu gündən Gürcüstanın paytaxtı Tbilisiyə avtomobillə giriş-çıxışa qoyulan qadağa götürülüb. Sputnik Gürcüstan xəbər verir ki, bu gündən həmçinin, paytaxta bütün istiqamətlərdən sərbəst səyahət etmək mümkündür. 

Moskvada koronaviruslu pasiyentlərin olduğu xəstəxanada yanğın: ölən var

Bundan başqa, Gürcüstanda bütün növ istehsal müəssisələri, küçədən ayrıca girişi olan hər cür pərakəndə və topdansatış mağazaları fəaliyyətlərini bərpa edib. İstisna yalnız geyim və ayaqqabı mağazalarına edilib.

Son sutkada daha 3 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub. Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı “stopcov.gov.ge” xüsusi internet saytında bildirilib. Bununla da ölkədə təsdiqlənmiş yoluxanların sayı 638 nəfərə çatıb. 

Qonşu ölkədə koronavirus səbəbi ilə 4896 nəfərin karantində saxlanıldığı, 444 nəfər isə stasionar şəraitdə müalicə olunduğu bildirilib. Yoluxanlardan 317-si sağalıb, 10-u isə ölüb.

Xatırladaq ki, Gürcüstanda koronavirus infeksiyasına ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.