CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Arxa cəbhədə könüllü olan ukraynalı qadın - Azərbaycanı sevirəm

Anna Xarkovskaya yaşadığı illəri o qədər də xatırlamır: "1930-cu ildə Ukraynada vəziyyət yaxşı deyildi. Hərə bir tərəfə qaçırdı. Biz də ailəmizlə oradan uzaqlaşdıq. 1937-ci ilə ailəmiz Azərbaycana gəldi. Mənim onda 16 yaşım var idi"
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 10 may — Sputnik. Bu gün xeyli sayda Azərbaycan vətəndaşı var ki, onlar 9 May Qələbə Gününü böyük iftixarla qeyd edirlər. Elə Anna Xarkovskaya da həmin vətəndaşlarımızdan biridir. Həmsöhbətimiz əslən ukraynalı olsa da, II Dünya Müharibəsində arxa cəbhədə Bakıda xidmət göstərib.

Xarkovskaya Anna Qordeyeva müharibə xatirələrini Sputnik Azərbaycan-ın oxucuları ilə bölüşüb.

O, 1921 ildə Ukraynada anadan olub. Böyük Vətən Müharibəsi illərində arxa cəbhədə döyüşmüş Anna Xarkovskaya hazırda Bakının Xətai rayonunda 1 göz otaqda kirayə yaşayır. 99 yaşı olmasına baxmayaraq bütün işlərini özü görür.

Anna Xarkovskaya yaşadığı illəri o qədər də xatırlamır: "1930-cu ildə Ukraynada vəziyyət yaxşı deyildi. Hərə bir tərəfə qaçırdı. Biz də ailəmizlə oradan uzaqlaşdıq. 1937-ci ilə ailəmiz Azərbaycana gəldi. Mənim onda 16 yaşım var idi".

Anna Xarkovskaya elə həmin il hidrometeoroloji stansiyada işə düzəlir.

Arxa cəbhədə könüllü olan ukraynalı qadın - Azərbaycanı sevirəm

"Həmin vaxtlar iş növbəli olduğu üçün azərbaycanlılar işləmirdilər. Azərbaycanlılar öz qız və oğlan övladlarını gecə növbəsində işləməyə qoymurdular. Buna görə də biz işləyirdik. Hamımız rusdilli idik. Elə buna görə də Azərbaycanda 83 ildir ki, yaşamağıma baxmayaraq Azərbaycan dilini öyrənə bilmədim. Bütün ömrüm boyu hidrometeoroloji stansiyada işləmişəm. Demək olar ki, Azərbaycanın bütün rayonlarında, Naxçıvanda, Culfada, Şamaxıda çalışmışam", - deyə o danışır.

Çox suallar verirəm, dinləyir və yadına salmağa çalışır.

Deyir ki, müharibənin ilk günlərində Hidrometeoroloji xidmət Xəzər Hərbi Donanmasının tərkibinə daxil edilir.

Həmin zamanlarda Xəzər Hərbi Donanması 1942-ci ilin avqustundan 1943-cü ilin fevral ayına qədər fəaliyyətdə idi: "Bu səbəbdən də biz hamımız orduda könüllü xidmət edənlər hesab edilirik. Müharibədən sonra mənim təyinatımı Şamaxı rayonunun Mərəzə kəndinə verdilər. Mən təqaüd yaşıma qədər orada çalışdım".

Anna Xarkovskaya danışır ki, həmin dövrlər yaddaşında ağrılı-acılı hadisələrlə qalıb: "Müharibə hamıya ağır təsir etmişdi. Bir həyacan, bir xof var idi içimizdə. Qeyri-müəyyənlik narahat edirdi bizi. Bəzən gecələr yatanda da müharibəni hiss edirdim. O illərin qayıtmasını istəmərəm. Müharibə illərində hamı nizam-intizamlı idi. Qorxurdu hamı. Müharibə bitəndə biz çox sevinmişdik".

Arxa cəbhədə könüllü olan ukraynalı qadın - Azərbaycanı sevirəm

1976-cı ildə Bakıda yaşamağa başlayan Anna Xarkovskaya iki dəfə ailə həyatı qursa da, övladı olmur.

"İkinci həyat yoldaşım hərbçi idi. Onun birinci həyat yoldaşından iki övladı, bir qızı və bir oğlu var idi. 1983-cü ildə həyat yoldaşım anidən dünyasını dəyişdi. İki saat içində biz onu itirdik. Mən onun qızı ilə yaşamağa başladım. Onun oğlu orduda xidmət edəndən sonra Peterburqa köçmüşdü. Bu səbəbdən də mən qızı ilə yaşayırdım. Əvvəllər biz funikulyorun yanında yaşayırdıq. Sonra orada söküntü işləri aparıldı. Və bizi oradan köçürdülər. Bu zaman biz az kvadratlı 3 otaq aldıq", - deyə 99 yaşlı qadın danışır.

Sonradan qız evi satır və Anna Xarkovskayaya az pul verdiyi üçün o özünə ev ala bilmir və kirayədə yaşamağa başlayır.

Anna Xarkovskaya tək yaşadığı üçün ərazi üzrə MKİS-in pasport qeydiyyatçısı Sevda İbrahimxəlilova ona tez-tez baş çəkir: "Anna Xarkovskaya MKİS-ə gələndə 82 yaşı var idi. Deyirdi, ögey qızı ilə bir evdə yaşayır. Qızı onu çox incidir. Təzyiqi qalxır və özünü pis hiss edir. Həmin vaxtdan biz ona yardım etməyə başladıq. Paltarlarını yuyur, müəyyən ehtiyaclarını ödəməyə çalışırıq".

S.İbrahimxəlilova bildirir ki, Anna Xarkovskayanın qızı evini satdıqdan sonra qadın elə bu rayon ərazisində kirayə yaşayır.

Qaldığı otağın arxası ofis olduğu üçün qadın çox əziyyət çəkir: "Hamamı yoxdur, mətbəxi yoxdur. Vaxtlı-vaxtında yuyuna bilmir. Düzdür, qürurludur, çox da kömək istəmir. Ancaq yaxşı olardı ki, ona ömrünün sonuna qədər yaşaması üçün bir otaq verilsin".

Arxa cəbhədə könüllü olan ukraynalı qadın - Azərbaycanı sevirəm

S.İbrahimxəlilovanın sözlərinə görə, ölkə başçısı A.Xarkovskayanı dəfələrlə təltif edib: "Anna xanım heç kimə əziyyət vermək istəmir. Özü yuyunur. Mağazaya, çörək almağa belə özü gedir. İndi koronavirusla bağlı biz ona özümüz yardım edirik. Mən Heydər Əliyev Fonduna da yazmışdım. Ona yardım etdilər. Anna xanıma öz anam kimi qulluq edirəm".

Anna Xarkovskaya Azərbaycanı çox sevdiyini deyir. Anasının Azərbaycanda dəfn edildiyini deyən Xarkovskaya özü üçün də məzar yeri hazırladığını deyir: "Mənim yaxınlarım var. İstəsəm, məni Azərbaycandan apara bilərlər. Amma anam Yasamal qəbiristanlığında dəfn edilib. Özümə orada yer hazırlamışam. Öləndə Azərbaycanda dəfn edilmək istəyirəm, anamın yanında".

Anna Xarkovskaya kiçik, şəraitsiz bir otaqda yaşayır. Amma buna da şükür edir. Deyir, heç olmasa, onun yatmağa yatağı var: "Yatmağa yeri, yeməyi çörəyi olmayanlar var. Mən narazı deyiləm həyatımdan..."