SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev və Mehriban Əliyeva xalqı Qələbə günü münasibətilə təbrik ediblər

Azərbaycan lideri və birinci xanım sosial şəbəkələrdə xalqı və veteranları Qələbə günü münasibətilə təbrik ediblər
Sputnik

BAKI, 9 may — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını və veteranları 9 May - faşizm üzərində Qələbə Günü münasibətilə təbrik ediblər.

Dövlət başçısı rəsmi Facebook səhifəsində bu gün münasibətilə paylaşım edib.

Mehriban Əliyeva isə Instagram səhifəsində qeyd edib ki, bu bayram Azərbaycan xalqı üçün həmişə xüsusi əhəmiyyət kəsb edib.

"9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə sizə və sizin simanızda bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi yetirirəm.

Bu bayram həm sizin üçün, həm də ümumiyyətlə xalqımız üçün həmişə xüsusi əhəmiyyətə malik olub. Ölkəmiz tarixi qələbəyə mühüm töhfələr verib və bu, hər bir azərbaycanlıya daim qürur və fərəh hissi yaşadıb. Bu il sizin bu günü xüsusi səbirsizliklə gözlədiyinizi bilirəm. Çünki bu il Böyük Qələbənin 75 illiyi qeyd olunur. Həm Prezidentimiz, həm də mən 9 Mayda həmişə sizinlə görüşmüşük, bu əlamətdar tarixi sizinlə birgə qeyd etmişik. Təəssüf ki, bu il bütün dünyanı sarsıtmış koronavirus pandemiyası ilə bağlı ölkəmizdə tətbiq olunan karantin rejiminə görə sizinlə görüşə bilmirik.

Sizin mərdliyiniz, cəsarətiniz, şücaətiniz əsl vətənpərvərlik nümunəsidir. Biz sizi çox sevirik, sizinlə fəxr edirik! Böyük Qələbə Gününüz mübarək!" - Mehriban Əliyeva yazıb.