Səfər Səfərov: "Berlinə çathaçatda ağzımdan yaralandım"

"Bu an mərmi necə düşdüsə, yer-göy titrədi. Sürünə-sürünə ona yaxınlaşdım, bütün qarnı, bağırsaqları çölə tökülmüşdü. Bir az o ağladı, bir az mən. Sonradan nə o məni gördü, nə də mən onu…"
Sputnik

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 9 may — Sputnik. İkinci Dünya Müharibəsində faşizm üzərində qələbədən 75 il keçir. Azərbaycanda İkinci Dünya Müharibəsi veteranlarının sayı azaldıqca, danışdıqları hekayələrin dəyəri artır. Sumqayıt sakini Səfər Səfərov da bu dəyərli hekayələrin qəhrəmanlarından biridir.

1924-cü ildə Qubadlının Poladlı kəndində anadan olan qəhrəmanımızın 4 övladı, 8 nəvəsi, 2 nəticəsi var. Onunla müsahibə planlaşdırsam da, xatirələrini danışdırmağı daha üstün hesab etdim. Beləcə, 1954-cü ildən taleyini Sumqayıta bağlayan Səfər baba müharibədə olub-keçənləri Sputnik Azərbaycan-a danışdı:

1942-ci ilin dekabr ayında əsgərliyə getdim. Buradan bizi Gürcüstana apardılar. Çox qaldıq orada, 8 ay təlim keçdilər. Sonra isə aramızdan orduya dəstələr yığdılar, yaşı az olanları seçib ayırdılar. 1943-cü ilin sentyabrında Gürcüstandan birbaşa cəbhəyə yollandıq.  Müharibə mənimçün Belarus cəbhəsindən başladı. Təsəvvür edin, böyük qoşun gedir, düz yoldur, hər tərəf də meşəlik. Birdən paravoz elə bir həyəcan siqnalı verdi ki, elə bil, dil açıb ağlayırdı, adamın tükləri biz-biz olurdu. Bu hissləri ilk dəfə idi, yaşayırdım…

Səfər Səfərov: "Berlinə çathaçatda ağzımdan yaralandım"

Alman təyyarələri bizim qoşunu mühasirəyə alıb, bombaladı, tozu dumana qatdı, hər yer dağıldı. Paravozlar hamısı bir-biri ilə toqquşdu, çox itki verdik. Ölənlər öldü, yaralananlar yaralandı, sağ qalanlar düz bir həftə piyada yol getdilər. Gün ərzində 2 saat yatmağa vaxt verilirdi. 

Xatın kəndinə bizim alay axşamtərəfi girdi. Kənd od tutub yanırdı, bir dənə də olsun salamat ev yox idi. O vaxt onların evləri ağacdan idi, üstü də küləş. Elə yanırdı evlər, gəl görəsən. Qoca bir ağsaqqal kişi çıxdı, bizi qarşıladı, salamladı. Dedik, ay baba, bu kənd niyə yanır? Söylədi ki, alman kəşfiyyatı xəbər gətirdi ki, güclü Sovet Ordusu gəlir. Ona görə də kəndi odladılar, çıxartdılar camaatı.

Cavanların hamısını qoşuna yığıb özləri ilə apardılar, yerdə qalan uşaqdan qocaya hamısı meşələrdə partizanların arasındadır. Soruşduq ki, baba, onlar uzaqdadırlar, ya yaxında? Dedi, təxmini bir 2-3 km olar. Üz tutduq deyilən əraziyə. Yaxın kənd var idi, almanlar ora sığınmışdılar. Düz getdik, keçdik onlarla üzbəüz mövqelərə. Həmin kənddə gələn səsləri də eşidirdik. Gecəni qaldıq orada, səhəri günün axşamı kəndi almaq əmri verildi. Komandir göstəriş verdi ki, kəndi mühasirəyə alaq, amma onlara da çıxmağa yer qoyaq. Gecə düzəldik yola. Qarşımıza böyük bir kanal çıxdı. Körpü isə yox idi. Silahları yuxarı qaldırıb, kanalı keçdik o taya. Elə bu an alman silahları işə düşdü.  Kəşfiyyat xəbər gətirdi ki, almanlar kənddən çıxırlar. İki-üç plemyotçu qoyublar ki, bizi atəşə tutub ləngitsinlər, qoşun kənddən rahat çıxa bilsin. Kəndi mühasirəyə aldıq, hava işıqlı ikən doluşduq oraya. Gördük ki, heç kəs yoxdur. O günü də qaldıq orada, səhərisi günü bizi növbəti kəndi azad etmək gözləyirdi…

Bu minvalla bir neçə kəndi almanlardan təmizləyə bildik. Ən ciddi müqavimətlə 3-cü kənddə rastlaşdıq. İlahi, gülləni üstümüzə necə yağdırırdılarsa baş qaldırmaq belə  mümkün deyildi. Komandir də arxadan komanda verir, İRƏLİ! HÜCUM! İrəli getmək olmur axı, baş qaldıranı vururlar. Yanıma bir oğlan gəlib uzandı, arxasınca da biri, məndən soruşdu ki, azərbaycanlısan? Dedim, bəli, Qubadlıdanam, dedi, hə, mən də Ağdamdanam. Elə görüşümüz o oldu. Bu an mərmi necə düşdüsə, yer-göy titrədi. Sürünə-sürünə  ona yaxınlaşdım, bütün qarnı, bağırsaqları çölə tökülmüşdü. Bir az o ağladı, bir az mən, komandirdən onu hospitala aparmağı xahiş etsəm də, icazə vermədi. Sonradan nə o məni gördü, nə də mən onu…

Səfər Səfərov: "Berlinə çathaçatda ağzımdan yaralandım"

Döyüşlərin birində də mən yaralandım. Alay komandiri idim. Özümdən başqa, iki əsgərlə birlikdə ağacın altındaydıq. Ağacın üstündən mərmi necə düşdüsə, elə bildim, sol qıçım qırıldı. Huşumu itirmişdim. Bir müddətdən sonra özümə gələndə barmağımı tərpətdim, gördüm ayağım yerindədir. Mərmi ayağımın bu üzündən girib, o biri üzündən çıxmışdı. Yanımdakı əsgərlər ikisi də ölmüşdü. Komandir də arxası üstə yıxılıb qalmışdı, ağzından köpük gəlirdi.

Onlar orada qaldılar, bir cavan leytnant gəldi yanıma. Sən demə, elə bu leytenant bizim rotadan imiş, məni tanıdı. Dedi, Səfərov, sağsan? Üstündə qayçısı, binti var idi. Açdı, yaramı sıxdı, sarıdı. Dedi, sən qorxma. Susuzluqdan ölürdüm, xahiş etdim ki, üstündə su varsa, azca mənə də versin. Dedi, yox, olmaz, su versəm, həmin dəqiqə ölərsən, gözlə, adamlara deyəcəm, gəlib səni götürəcəklər. İki əsgər gəlib məni apardı.

Hospitalda çox qaldım. Sağaldıqdan sonra bir də qayıtdım cəbhəyə. Artıq müharibənin sonları idi. Berlinə hücuma keçdik. Heç kəs bir-birini tanımırdı, hamı qarışmışdı bir-birinə. Berlinə çathaçatda ağzımdan yaralandım. Mərmi üzümə düşmüşdü. Yenidən məni hospitala apardılar.

İki dəfə yaralandım müharibə dövründə. Ağzımdan yaralananda 2-3 dişim düşmüşdü. Bəxtimdən, mərmi başımdan keçməmişdi. Hospitaldan çıxandan sonra ayrı hərbi hissəyə getdim və orada minatəmizləyən işlədim. Hərbi hissədə  olanda müharibə qurtardı. Yenidən bizi bölüşdürdülər, mən Latviyaya qayıtdım. Orada 83 saylı texniki polkda 3 il məşq keçdim. Mənim üçün müharibə 1948-ci ildə bitdi. Latviyadan doğma Qubadlıya döndüm...

Səfər Səfərov: "Berlinə çathaçatda ağzımdan yaralandım"

Səfər Səfərovun müharibə dövründə çox təltifləri olsa da, Berlinin azadlığı uğrunda aldığı medal onun üçün çox dəyərlidir…