Almaniya Sovet İttifaqına hücum edəndə Azərbaycan xalqı da digər respublikaların sakinləri kimi faşizmlə mübarizəyə qalxdı. Müharibənin ilk günlərində Azərbaycandan cəbhəyə 40 mindən çox gənc qız və oğlan yollandı.
1941-45-ci illər ərzində Qızıl Ordu sıralarına ölkəmizdən 640 mindən çox vətəndaş çağırılıb. Onlardan 300 mini döyüşlərdə həlak olub. 400-dən çox azərbaycanlı orden-medallarla təltif olunub. Azərbaycanın 128 vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adı alıb.
Azərbaycan SSR-dən olan əsgərlər Brest qalasının alınmasında, Leninqradın, Moskvanın müdafiəsində, Stalinqrad, Qafqaz, Kursk, Ukrayna uğrunda döyüşlərdə, eləcə də Pribaltika, Şərqi Avropanın azad edilməsində, Berlinin alınmasında iştirak ediblər.
Müharibə illərində Azərbaycan cəbhəyə neft və neft məhsullarının əsas tədarükçüsü idi. Ümumilikdə Azərbaycan xalqı düşmən üzərində Qələbə üçün nəhəng töhfələr verib, müharibə qəhrəmanlarının xatirəsi isə ürəyimizdə əbədi yaşayacaq.
Məzahir Həmid oğlu Abbasov. SSRİ HDQ-nin leytenantı. Bombardmançı təyyarə idarə edib. 1941-ci ildə ağır yaralandıqdan sonra uzun müddət müalicə alıb və 1942-ci ildə ordudan tərxis olunub. Tarixi araşdırmalara başlayıb, sonradan tarix elmləri doktoru, universitet professoru olub. Qırmızı Bayraq, I dərəcəli Vətən Müharibəsi ordenləri, Azərbaycan Respublikasının “Şöhrət” ordeninə layiq görülüb.
Savelyev Aleksandr Filippoviç – Şamaxı Hərbi Komissarlığından orduya çağırılıb. Bütün müharibəni, 1945-ci ilədək qvardiya yefreytoru rütbəsində keçib. “Döyüş xidmətlərinə görə” medalına layiq görülüb.
Rəhimov Şirin Oruc oğlu – 1941-ci ildə 26 yaşında orduya çağırılıb. Uzun müddət itkin düşmüş sayılırdı. “Memorial” məlumat bazasının məlumatına görə, orduda atıcı imiş. Mozdok uğrunda döyüşdə həlak olub.