CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zərərli adətlərdən xilas olmaq zamanı: Təklif var, amma həyata keçməsi çətin görünür

"Bəy və gəlinin xahişi ilə 10 müğənni gətirib hərəsinə 10 dəqiqə üçün 5 min manat pul xərclənməsi isə harınlıq, həm də israfdır. Lakin normal toy keçirdərək əyləncəni, musiqini də təmin etmək olar" - Fazil Mustafa
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 8 may — Sputnik. Bir neçə aydır davam edən koronavirus pandemiyası dünyanın düzənində ciddi dəyişiklik edib. İnsanların öz ahəngi ilə davam edən həyatı dəyişib, bir sıra vərdişləri, yaşam tərzi axarından çıxıb.

Keçi də can hayında, qəssab da – Nə toy sahibi nəsə bilir, nə toyxana

Dünya düzəninin dəyişməsi bəzi mərasimlərin müvəqqəti olaraq təxirə salınmasına, keçirilmə qaydasına dəyişikliklər edilməsinə səbəb oldu. Sözsüz ki, söhbət ilk növbədə yas və toy mərasimlərindən gedir. Bu müddətdə yaslar aradan çıxmışkən, pandemiyadan sonra da yas mərasimlərinin necə keçirilməsi ilə bağlı təkliflər də gündəmə gəldi. Bəs, toylarla bağlı hansı "ənənə"ləri sıradan çıxartmaq olar?

Millət vəkili Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışaraq təklifini səsləndirib: "Artıq üçüncü aydır ki, toylar təxirə salınıb. Öncədən danışılan, behi verilən toylar təxirə düşüb. Elə ailələr var ki, onlar qurulmalıdır, bu proses gecikdikcə, problemlər ortaya çıxır. Vəziyyətdən necə çıxış yolu tapmaq olar? Təklifim budur ki, təxirə salınmış toyların keçirilməsi ilə bağlı kimsə təşəbbüs göstərsin və bəylə gəlinin adına hesab açılsın. Daha sonra vəsaitlərin yığılması üçün bu bank hesabı yaxınlara, dost-tanışlara göndərilsin".

Zərərli adətlərdən xilas olmaq zamanı: Təklif var, amma həyata keçməsi çətin görünür

"Belə bir şəraitdə də normal toy da keçirtmək olar. Sadəcə olaraq bəy və gəlinin xahişi ilə 10 müğənni gətirib hərəsinə 10 dəqiqə üçün 5 min manat pul xərclənməsi isə harınlıq, həm də israfdır. Lakin normal toy keçirdərək əyləncəni, musiqini də təmin etmək olar. Nikahın qeyd olunması üçün təxminən 15-20 nəfərlik bir mərasim təşkil oluna bilər. Bu zaman həm təhlükəsizlik qorunmuş olacaq, həm də yeni qurulan ailəyə dəstək verilmiş olacaq. Məgər mütləqdir ki, hamı 300 nəfərin qarşısında düşüb oynasın?", - deyə millət vəkili əlavə edib.

F.Mustafa bildirib ki, bu, bank hesablarının açılmasını da əlçatan edə bilərlər. Yəni, onlayn qaydada da bank hesablarını açmaq olar. Millət vəkilinin sözlərinə görə, pandemiyadan sonra insanlara toyların təklif olunan variantda keçirilməsini təlqin etmək çətin olacaq: "Azərbaycanda hər hansı bir adət-ənənənin, dinin, elm kimi görünən təzahürlərin əsası yoxdur. Biz təqlidçi cəmiyyət olsaq da, yaxşını təqlid etmirik. Xüsusən də zərərimizə olan vərdişləri təlqin etməyi sevirik. İnsanlar özlərini dəyişdirməyi sevmədiyindən, düşünürəm ki, pandemiyadan sonra bu cür mərasimlərin necə keçirilməsi insanların zövqlərinə bağlı bir məsələ olacaq".

"Məsələ burasındadır ki, biz seçimlərimizi düzgün etsəydik, bu qədər problem olmazdı. Qidalar düzgün seçilsəydi, vaxtında idmanla məşğul olunsaydı, insanlar zərərli vərdişlərdən uzaq olsaydılar, bu qədər xəstəlik olmazdı. İnsanlara “bunu etmə” deməklə olmur. Cəmiyyətdə nümunə olacaq şəxslər tərəfindən müəyyən addımların atılması ilə müəyyən dəyişikliklər əldə etmək olar. Amma bir həqiqəti də qəbul edək ki, bu gün ağlı ilə fərqliliyini göstərə bilməyən, 10 min manatlıq maşın nömrəsi ilə fərqliliyini göstərməyə çalışır. Yaxud da kimsə meşşanlığı ilə özünü fərqli göstərməyə çalışırsa, bunun qarşısını almaq çox çətindir. Düşünürəm ki, müsbət ənənələri təlqin etmək, onları nümunə olaraq göstərmək lazımdır", - deyə F.Mustafa vurğulayıb.

Deputat belə hesab edir ki, koronavirusdan sonrakı dövrdə insanların özlərinin məsələyə yanaşması ilə problemi həll etmək mümkün olacaq.