Kamal Almuradlı, Sputnik Azərbaycan
BAKI, 8 may — Sputnik. Koronavirus pandemiyası sənət adamlarından nəinki yan keçməyib, hətta ilk növbədə onları vurub. Pandemiyə başlayan kimi ilk olaraq onların fəaliyyət dairəsi məhdudiyyətlə üzləşdi. Həmişə yaratmağa can atan, sənət yoldaşlarının, tamaşaçıların əhatəsində olanlar indi bir-birilərindən ayrı düşüblər.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, istedadlı pantomimçi, plastika mütəxəssisi, "Rebus" teatrının rəhbəri, aktyor, rejissor Ceyhun Dadaşovla da karantin dövründəki fəaliyyəti haqda söhbətləşmək qərarına gəldik. İki aya yaxındır ki, evdə qalan C.Dadaşov Sputnik Azərbaycan-nın suallarını onlayn cavablandırdı.
- Teatr birbaşa təsir vasitəsidir. Onlayn rejimə keçəndən təsiriniz dəyişib?
- Teatr daim canlı sənət olub. Əslində teatrın mahiyyəti bundan ibarətdir. Bu yaxınlarda teatrşünas Elçin Cəfərov maraqlı onlayn tamaşa haqqında yazı yazmışdı. Təəssüf ki, hələ də bunu anlamayanlar var. Onlayn tamaşa vaxtilə çəkilmiş səhnə əsəridir. Nə qədər olsa da, canlı baxmaq sosial şəbəkədən izləməklə eyni deyil. Səhnədə aktyorun nəfəsini hiss edirsən. Bu müddət ərzində London teatrının, Çexov festivalı çərçivəsində oynanılmış tamaşalara baxdım. Mən o zövqü ala bilmədim. Əminəm ki, teatrla əlaqəsi olmayan sadə tamaşaçı daha çox əziyyət çəkib. Ona görə də təsir yaxşıdır deyə bilmirəm.
- Yaradıcı adamların sevdiyi işdən kənar qalması çətindir. Karantin rejimi sizə necə təsir etdi?
- Çox çətindir. Rəssam olsaydım, heç narahat olmazdım. Çünki o, öz emalatxanasına girir, əsərini yaradır. Heykəltəraş, dramaturq, şair, bəstəkar da həmçinin. Biz kollektiv sənətik. Karantindən öncə planlaşdırdığımız əsəri məcbur olduq saxladıq. Bildiyiniz kimi, mən İncəsənət Universitetində də dərs deyirəm. Tələbələrlə onlayn ünsiyyətdə oldum. Amma biz də, onlar da şahidi oluruq ki, bu həmin effekt deyil. Kamera arxasında tamaşa hazırlana bilməz. Aktyor tək danışıqla hiss etmir. Biz şahidi olduq ki, teatr canlı ünsiyyətdir, vizual sənətdir. Bu, bəzi "aktyorlara" dərs olar ki, bu sənət çənə sənəti deyil. Çox çətindir. Gözləyirdik karantin 10-15 günə bitər. Heyf ki, hələ də uzanır. Yaradıcı aclığı doydurmaq olmur.
- Teatr cəmiyyətin aynasıdır. Yaşadığımız dövr bundan sonra teatrda necə əksini tapacaq? Bununla bağlı düşünmüsünüzmü?
- Məncə bu dövr travmalı olmadı, qeyri-adi bir şey baş vermədi. Bilirsiniz virus bizə niyə təsir etmədi? Çünki buna haradasa hazır idik. Soruşacaqsınız necə? O qədər bu mövzu ilə bağlı filmlər izləmişik ki... Artıq təəccüblənmirik. Sanki illərlə buna hazırlaşmışdıq. Ona görə də virus effektiv olmadı. Hətta baxmayaraq ki, statistikaya görə, xəstələr və dünyasını dəyişənlərin sayı çoxdur, mən bunun Azərbaycana təsirini görmədim. O qədər rahat şəkildə küçədə gəzənlər var. Ona görə də düşünürəm ki, bu dövr bizdə iz qoymayacaq. Ola bilər, hansısa sahədə geri düşək, amma bunu yaradıcılıqda əksinin tapılmasına inanmıram. Gələcəkdə bu mövzu ilə bağlı nələrisə etməyi də planlaşdırmıram. İnanmıram ki, hansısa teatr bu mövzuya müraciət etsin.
- Karantin bitdikdən sonra Teatrda görəcəyiniz ilk iş hansı olacaq?
- Yarımçıq qalan işləri tamamlayacağıq. "Müfəttiş" əsəri üzərində işləyirdik. Rol bölgüsünə qədər etmişdik. Yenidən çalışacağıq ki, axarımıza qayıdaq. Uzun müddət ev şəraitində qalıb teatra dönmək nə qədər çətin olsa da, tam enerjimizlə bu işin öhdəsindən gələcəyik.