CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bağrı qan olmuşdu Şuşanın bu gün, bu səs anaların ah-naləsiydi...

Qarabağın baş tacı Şuşanın 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb
Sputnik

BAKI, 8 may — Sputnik. Azərbaycanın Şuşa şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğal edilməsindən 28 il ötür.

Sputnik Azərbaycan-ın məlumatına görə, Qarabağın baş tacı Şuşanın 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb.

Şəhərin təməli 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı, xanın şərəfinə Pənahabad adlandırırdılar. Şuşada 17 məhəllə vardı: Seyidli, Culfalar, Quyuluq, Çuхur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə. Hər məhəllədə hamam, məscid və bulaq vardı.

Onlardan Şuşanın səsi gəlir: Vətən həsrətini alətlərdə yaşadan usta

XVIII əsrdə Şuşa Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrildi. Onun dövrəsində böyük və güclü sədd çəkildi, çoxsaylı sənətkar məhəllələri yarandı. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayır, burada Pənahabadi adlanan gümüş sikkə zərb edilirdi.

XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzi idi. Onu "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar.

1905, 1920 və 1992-ci illərdə Şuşa üç dəfə tamamilə yandırılıb. 1992-ci ildə Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.

Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.

Ümumilikdə, Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib.