CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metroya bu şərtlərlə buraxılacaqsınız

Sərnişinlərin sosial məsafəni qoruması, metropolitenə təhlükəsiz və nizamlı daxil olması məqsədilə stansiyaların giriş sahələrində istiqamətləndiricilər qoyulacaq
Sputnik

BAKI, 8 may — Sputnik. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti 9 may 2020-ci il tarixindən bərpa olunur. Metropoliten stansiyaları saat 06:00-dan 24:00-dək sərnişinlərin girişinə açıq olacaq. 

Metro fəaliyyətini bərpa edir
Sputnik Azərbaycan "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə isitnadən xəbər verir ki, ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq və insanların sağlamlıq təhlükəsizliyini təmin etmək məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi rejimli karantin müddəti başa çatana qədər Bakı metropoliteninin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərar, tapşırıq və tövsiyələrinə uyğun təmin ediləcək. Qeyd olunanları rəhbər tutaraq metropolitendən istifadə edən sərnişinlərin nəzərinə çatdırılır:

1. "İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş"ə uyğun olaraq tibbi maska taxmadan metropolitendən istifadə edilməsi qadağandır. Sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda tibbi maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 saylı Qərarına, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məhdudiyyətlərin yumşaldılması ilə bağlı verdiyi qərarlara uyğun olaraq, metro stansiyalarına yalnız yaşayış yerini SMS icazə ilə, "icaze.e-gov.az" portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə veriləcəkdir.

3. Metropoliten stansiyalarının girişlərində zərurət olduğu təqdirdə sərnişinlərin hərarəti müvafiq tibbi avadanlıq vasitəsilə yoxlanılacaq.

Metro bağlanandan sonra avtobuslarda ciddi sərnişin artımı olub

4. Metropoliten gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək, qatarların hərəkəti, texniki imkanlar nəzərə alınmaqla, minimum intervalla təmin olunacaq.

5. Sosial məsafənin qorunmasını təmin etmək məqsədilə audio, vizual məlumatlandırma üsullarından istifadə olunacaq, stansiya və qatarlardakı oturacaqlarda məlumatlandırıcı işarələr qoyulacaq.

6. Sərnişinlərin sosial məsafəni qoruması, metropolitenə təhlükəsiz və nizamlı daxil olması məqsədilə stansiyaların giriş sahələrində istiqamətləndiricilər qoyulacaq.

7. Bakı Metropoliteni stansiyalarında fəaliyyət göstərən apteklərə tibbi maska satışı üçün tam şərait yaradılacaq.