BAKI, 8 may — Sputnik. "Maariflənmiş Ermənistan" partiyasının və "Mənim Addımım" blokunun deputatlarının bir-birinə söz atmasından sonra Ermənistan parlamentində qarşıdurma yaranıb.
Sputnik Ermənistan-ın xəbərinə görə, "Maariflənmiş Ermənistan" partiyasının rəhbəri Edmon Marukyan büdcənin icrasına dair hesabatın müzakirəsi zamanı çıxış edərkən "Mənim Addımım" blokundan olan deputat Babken Tunyana müraciət edib.
Onun nitqi zamanı Tunyanın həmkarı Sasun Mikayelyan araya girib. O, Marukyana "qulaq as, dayı" deyib. Marukyan buna hiddətlənib və Mikayelyana cavabında onun dayısı olmadığını bildirib.
Mikayelyan isə Marukyanı "əzərəm" sözü ilə hədələməyə başlayıb. Söyüşmədən sonra Edmon Marukyan Sasun Mikayelyana tərəf gedib, o isə yumruqları ilə Marukyana hücum edib.
Marukyan ona cavab verməli olub. Davaya digər deputatlar müdaxilə ediblər, onların bəziləri spiker Ararat Mirzoyanın başçılığı ilə dalaşanları ayırmağa başlayıblar. Amma başqaları Mikayelyana kömək etmək şansını qaçırmayıblar.
Zalda olan hökumət üzvləri, o cümlədən Baş Nazirin müavini Tiqran Avinyan da işə qarışıb. Tezliklə ehtiraslar səngiyib və millət vəkilləri öz yerlərinə qayıdıblar.
Tribunaya qayıdan Marukyan "nə qədər vursalar da, danışacağam" deyib. O, həmçinin kiminsə arxadan gələrək onun belinə vurduğunu qeyd edib.
Sakitləşməyən Mikayelyan isə ona "boynunu qıraram" deyib. Qarşıdurma davam edib və Ararat Mirzoyan fasilə elan etmək məcburiyyətində qalıb.