SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Prezidenti: "Veteranlar qayğı ilə əhatə olunublar"

Bu il tədbir, əlbəttə, başqa formatda olacaq. Çünki biz veteranlarımızı qorumalıyıq. Hələ ki, karantin rejimi bir yerə kütləvi toplaşmağa, kütləvi tədbirlər keçirilməsinə yol verməsə də, bundan məsələnin mahiyyəti dəyişməyəcək
Sputnik

BAKI, 7 may — Sputnik. "Azərbaycan oğulları Böyük Vətən müharibəsi meydanlarında ləyaqətlə vuruşublar. Azərbaycanın 123 nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Azərbaycanın müharibədə iştirak etmiş 600 mindən çox nümayəndəsinin yarısı həlak olub. Azərbaycan bizim ümumi Qələbəmizə böyük töhfə verib.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Mir" televiziya kanalına müsahibəsində deyib.

"Azərbaycan Sovet ordusu üçün yanacaq-sürtkü materiallarının əsas tədarükçüsü olub. Onu demək kifayətdir ki, Sovet ordusu üçün mühərrik yağlarının 90 faizi, benzinin 80 faizi və neftin 70 faizi Azərbaycan tərəfindən tədarük edilib. Həmçinin bizim müəssisələrdə gecə-gündüz Sovet ordusu üçün çox vacib silah sistemi istehsal edilirdi. Azərbaycanın sənayesi həmişə inkişafda olub. Qısa müddətdə o, hərbi texnika istehsalına tam yönəldilib", - deyə Prezident qeyd edib.

"Sizin atanız Heydər Əliyev müharibə veteranlarını millətin qızıl fondu adlandırıb. Bu gün Böyük Vətən müharibəsi veteranlarına hansı kömək göstərilir?" sualını İlham Əliyev belə cavablandırıb:

"Azərbaycanda bu gün həmişə geniş qeyd olunur. Hərçənd deməliyəm ki, müstəqilliyin ilk illərində bu, belə deyildi. 1992-ci ildə Xalq Cəbhəsi çevriliş yolu ilə hakimiyyətə gələndə 9 May bayramı ləğv edildi və veteranlar mənəvi terrora məruz qaldılar. Lakin Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bu ədalətsizlik aradan qaldırıldı və həmin vaxtdan 9 May dövlət bayramıdır. Hər il mən həmin gün bir qayda olaraq, veteranlarla görüşürəm, həlak olanların xatirəsini anırıq, məzarları üzərinə əklillər, güllər qoyuruq. Bu il tədbir, əlbəttə, başqa formatda olacaq. Çünki biz veteranlarımızı qorumalıyıq. Hələ ki, karantin rejimi bir yerə kütləvi toplaşmağa, kütləvi tədbirlər keçirilməsinə yol verməsə də, bundan məsələnin mahiyyəti dəyişməyəcək. Hərçənd bayramın qeydedilmə formatı başqa cür olacaq, lakin düşünürəm ki, veteranlar həm bu gündə, həm də sonra Azərbaycan dövlətinin dəstəyini hiss edəcəklər.

Veteranlar qayğı ilə əhatə olunublar, onların maddi durumu təmin edilir. Onların çoxu dövlət tərəfindən ayrıca yaşayış sahəsi, mənzillə təmin edilib. Biz həmin gün, bir qayda olaraq, onlara Prezident mükafatları təqdim edirik. Beləliklə, bütün bunların hamısı qorunub saxlanılacaq. Ən başlıcası isə Böyük Vətən müharibəsi haqqında həqiqət həmişə üstünlük təşkil etməli, tarixin yenidən yazılması, faşizmin və faşist cinayətkarlarının qəhrəmanlaşdırılması cəhdləri olmamalıdır. Azərbaycanın bu istiqamətdə mövqeyi birmənalıdır".