CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ali məktəblərə qəbul vaxtı və qaydası açıqlandı

"Buraxılış imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur. Məzunlar buraxılış imtahanında əvvəlki illərdə olduğu kimi hər fənn üzrə maksimum 100 bal toplaya bilərlər"
Sputnik

BAKI, 7 may — Sputnik. Ali təhsil müəssisələrinə qəbul imtahanlarının vaxtı açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu gün Nazirlər Kabineti yanında Operativ Qərərgahda keçirilən brifinqdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki,  bu il imtahanlar 1 mərhələdə keçiriləcək və bu proses iyulun 20-dən sonraya planlaşdırılıb.

9-cu sinif buraxılış imtahanı bir mərhələdə keçiriləcək

M.Abbaszadənin sözlərinə görə, imtahana buraxılış vərəqələri imtahan günündən 5-7 gün əvvəl DİM-in saytında yerləşdirilir: "Buraxılış imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur. Məzunlar buraxılış imtahanında əvvəlki illərdə olduğu kimi hər fənn üzrə maksimum 100 bal toplaya bilərlər".

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından asılı olaraq imtahanların bölgələr üzrə keçirilmə ardıcıllığı müəyyən olunacaq. M.Abbaszadə həmçinin qeyd edib ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin sənəd qəbulu onlayn şəkildə 12 may – 5 iyun tarixlərində aparılacaq. Onun sözlərinə görə, qəbul imtahanlarının 20 iyul tarixindən sonra 1 dəfə keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq: "I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər eyni zamanda V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilərlər. Amma qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərti ilə".