CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtobus və taksilərdə şəffaf arakəsmələrin quraşdırılmasına başlanılıb

Sərnişindaşımalara cəlb edilən 553 avtobusda istehsalçı tərəfindən müvafiq standartlara uyğun sürücü kabinləri mövcuddur.
Sputnik

BAKI, 7 may — Sputnik. COVİD-19 virusuna qarşı mübarizə məqsədilə paytaxtın ictimai nəqliyyat sistemində qabaqlayıcı tədbirlər davam etdirilir. Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu çərçivədə avtobuslarda sərnişinlərlə sürücünün fiziki təmasını istisna edən şəffaf arakəsmələrin quraşdırılmasına başlanılıb. Artıq 200 avtobusda bu cür arakəsmələrin quraşdırılması təmin edilib.

Quraşdırma işləri əsasən axşam saatlarında avtobuslar qaraja qayıtdıqdan sonra həyata keçirilir. Həmçinin bildirilib ki, sərnişindaşımalara cəlb edilən 553 avtobusda istehsalçı tərəfindən müvafiq standartlara uyğun sürücü kabinləri mövcuddur. Bunlar əsasən "BakuBus" və "Xaliq Faiqoğlu" MMC-nin istismarında olan avtobuslardır. Avtobuslarla yanaşı taksi minik avtomobillərində də şəffaf arakəsmələr quraşdırılır. Ötən gün 300 taksi minik avtomobilində quraşdırma işləri yekunlaşıb. Koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərdən irəli gələn işlərin icrası çərçivəsində maska taxılmasını, sosial məsafə saxlanılmasının və piyada gəzməyi təşviq edən maarifləndirici materiallar da hazırlanır. Həmin materiallar əsasən avtobuslarda, dayanacaq pavilyonlarında, nəqliyyat mübadilə mərkəzlərində yerləşdiriləcək.