Koronavirus pandemiyası dünya ölkələrini yumşaq desək, “qoz qabığına” sığışdırdı. Əvvəl sərhədlər, sonra ictimai-iaşə müəssisələri, mədəni-kütləvi, idman tədbirlərinin keçirildiyi məkanlar ziyarətçilərin üzünə qapandı.
Sputnik Azərbaycan bildirir ki, ötən ilin dekabrından bu günədək COVID-19 xəstəliyi 257301 insanın həyatına son qoyub. Hazırda dünyada koronavirusa yoluxanların sayı 4 milyona (3 664 011 nəfər) yaxınlaşsa da, bir milyondan çox xəstənin də sağaldığı bildirilir.
Bəzi ölkələr yoluxma statistikasını nəzərə alıb sərt karantin tədbirlərini yumşaltmağa başlayıb. Maraqlı məqam budur ki, bu yumşaltmalar Fransa, Almaniya, Çin, Vyetnam, Yaponiya, Cənubi Koreya və s. kimi ölkələrdə məktəblərə də şamil edilib.
Yaxın günlərdə Danimarka və Avstriya da təhsil müəssisələrini açmağa hazırlaşır.
Azərbaycandakı valideynlər isə məktəb sevincini sentyabrda yaşayacaqlar: mayın 31-dək məktəblərin açılması gözlənilmir.
Məktəb azadlığı baxımından “qoçaq” ölkələrdən görüntüləri Sputnik Azərbaycan-ın fotolentində izləyin.