CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vergilər Nazirliyinin əməkdaşları "iş başında" yaxalandılar

Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Sputnik

BAKI, 5 may — Sputnik. Özlərini Vergilər Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslərin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri aparılıb.

İstəməyənə də rüşvət veririk? - Rəqəmlərə baxın

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, araşdırma zamanı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin əməkdaşları Azər Allahverdiyev və Cahid Tahirovun qabaqcadan əlbir olaraq vətəndaşa məxsus çörək sexinə gələrək cari il ərzində vergi yoxlamalarının keçirilməməsi müqabilində 6000 manat məbləğində pul tələb etdiyi müəyyən olunub.

Xüsusi texniki vasitələrdən istifadə edilməklə aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hər iki vəzifəli şəxs həmin məbləğin bir qismini 04 may 2020-ci il tarixdə rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3-cü (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Həmin cinayət əməlinin A.Allahverdiyev və C.Tahirov tərəfindən törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən onlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.