SƏHİYYƏ

Gəncə nəzarətə götürülüb

"Gəncədə dünən yeni koronavirusa yoluxma faktı qeydə alınmış hər bir şəxsin təmasda olduğu insanlar da testdən keçiriləcək"
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 5 may — Sputnik. "Gəncədə koronavirusa yoluxmanın artması ciddi araşdırılır. Hazırda yoluxan hər bir şəxsin kimlərlə ünsiyyətdə olduğu müəyyənləşdirilir".

Azərbaycanda daha 52 nəfərdə COVID-19 aşkarlandı, ölən var

Sputnik Azərbaycan-a bunu Gəncə şəhərində bir gündə 32 nəfərin koronavirusa yoluxmasının müəyyən edilməsinə münasibət bildirən Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev bildirib. O deyib ki, dünən Gəncədə koronavirusa yoluxan 32 nəfərin aşkar edilməsi ciddi siqnaldır: "Gəncədə koronavirusa yoluxanların say artımı narahatlıq doğuran məqamdır. Bunun hansı səbəbdən baş verməsinin araşdırılmasına başlanılıb. Hazırda öyrənilir ki, həmin insanlar harada kompakt toplaşıblar. Sözsüz ki, Gəncədə dünən yeni koronavirusa yoluxma faktı qeydə alınmış hər bir şəxsin təmasda olduğu insanlar da testdən keçiriləcək. Bunun insanların məsuliyyətsizliyi üzündən olduğu, yaxud da nəzarətin zəifliyinin təsirindən baş verməsi araşdırılacaq".

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, TƏBİB-in İşçi Qrupunun rəhbəri Vasif Əliyev bildirib ki, dünən koronavirusa  52 yeni yoluxma faktının 32-sinin Gəncə şəhərində təsdiq olunması onu göstərir ki, pozitiv nəticə əldə etdiyimiz bir vaxtda, Gəncədə insanlar qaydalara əməl etmirlər. O bildirib ki, vətəndaşların toplu şəkildə hərəkət etməsinin nəticəsidir ki, Gəncədə bu qədər yoluxma qeydə alınıb. Bu artmağa doğru da istiqamətlənə bilər.