CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İtkilər böyükdür, amma bunlar mal itkisidir: Can itkisi olmaması üçün nə etmək olar?

"İndiki kimi, hər gün yeni yoluxma rəqəmləri qeydə alınarsa, bu zaman ayın sonunadək də gözləyərik. Nə olar ki, ticarət mərkəzləri bir ay gec açılsın?!" - Cəlal İsayev
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 5 may — Sputnik. Koronavirus pandemiyasının yayılması ilə əlaqədar olaraq həm Azərbaycanda, həm də dünyanın bir çox ölkələrində iri ticarət mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılıb. Amma dünyada müxtəlif ölkələr tərəfindən belə ticarət müəssisələrinin fəaliyyətlərinin bərpası istiqamətində müəyyən addımlar atılır.

Karantin götürülür, ancaq o dayanmır...

Türkiyədə də iri ticarət müəssisələrinin bu aydan etibarən açılması üçün mexanizm hazırlanıb. Hazırlanan mexanizmə əsasən artıq ticarət mərkəzləri açıldıqdan sonra sərbəst dolaşmaq mümkün olmayacaq. Hər kəs ara məsafə olmaqla bir xətt üzərində hərəkət edəcək və bir xətdən digər xəttin üzərinə keçmək, geri qayıtmaq mümkün olmayacaq. Sosial məsafə qorunmazsa, bu zaman həyəcan siqnalı çalınacaq. Bütün mağazaların girişində kameralar olacaq. Kiçik mağazalara girdikdə də müştərilər istədikləri kimi gəzə bilməyəcək. Bunun üçün xüsusi yönləndirmə işarələri olacaq və müştərilər yalnız bu oxların istiqamətində hərəkət edəcəklər.

Bundan başqa, mağazaların girişində müştərilərin temperaturu yoxlanılacaq, mühafizə xidməti temperaturu yüksək olanları və maska taxmayanları içəri buraxmayacaq. Bütün mağazalarda mütəmadi olaraq dezinfeksiya işləri görüləcək.

Bəs, Azərbaycanda necə, bu yolla iri ticarət müəssisələrinin fəaliyyətini bərpa etmək olarmı?

Respublikanın baş infeksionisti Cəlal İsayev Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "İnanmıram ki, Azərbaycanda bu yolla, yəni insanların ardıcıl gələrək, məsafə saxlayaraq iri ticarət mərkəzlərinin fəaliyyətini bərpa etmək mümkün olacaq. Heç Türkiyə də bu yolla iri ticarət mərkəzlərinin fəaliyyətini bərpa edə bilməyəcək. Bu səbəbdən də, böyük ticarət mərkəzlərinin açılması hələ tezdir. Ayın 11-nə kimi bir müddətimiz var. Bunadək isə situasiya qiymətləndirilə və müəyyən bir qərar verilə bilər. İndiki kimi, hər gün yeni yoluxma rəqəmləri qeydə alınarsa, bu zaman ayın sonunadək də gözləyərik. Nə olar ki, ticarət mərkəzləri bir ay gec açılsın?! Düşünürəm ki, gələn həftədən etibarən koronavirusa yoluxma hallarında azalmalar olacaq. Yalnız bundan sonra ticarət mərkəzlərinin fəaliyyətini bərpa etmək mümkün olacaq".

"Bankın qarşısında insanlar toplaşır və heç biri də maska taxmır. Bu təhlükəlidir. Eyni vəziyyət, təbii ki, iri ticarət mərkəzlərində də müşahidə oluna bilər. Amma yenə də deyirəm, hər şey situasiyadan asılıdır", - deyə C.İsayev əlavə edib.

O, insanları xüsusi nəzarətə görə deyil, özlüyündə sağlamlıqlarının qeydinə qalmağa səsləyir: "Mütləq gərək kimsə irad tuta, deyə ki, maska tax? Bu düzgün deyil".

Gizli "Mall" da olurmuş - Binəqədidə fəaliyyət göstərən ticarət obyekti tapıldı

İqtisadçı-ekspert Natiq Cəfərli isə Sputnik Azərbaycan-a açıqlamasında iri ticarət mərkəzlərinin açılmasının iqtisadi tərəflərindən danışıb: "Karantin rejimi tətbiq olunanadək son zamanlar böyük ticarət mərkəzlərinin dövriyyəsinin və müştəri sayının artması ilə əlaqədar vergilərin də artması müşahidə olunurdu. Sağlamlığa ziyan vurmadan, sosial məsafəni gözləməklə iri ticarət mərkəzlərinin açılması bu gün bütün ölkələrin gündəmində əsas müzakirə olunan mövzulardandır. Bu gün bir çox Avropa ölkələri ərazisi 8 kvadratmetrədək olan ticarət mərkəzlərinin açılmasına imkan verib. Artıq bəzi ölkələrdə bu ticarət mərkəzləri açılıb, bəzilərində isə ayın 11-dən etibarən belə ticarət mərkəzləri açılacaq".

"Lakin böyük ticarət mərkəzlərinin kvadratı daha böyükdür və bir anda yüzlərlə insanın həmin məkanda olması gözləniləndir", - deyə N.Cəfərli əlavə edib.

O, iri ticarət mərkəzlərinin açılmasının müsbət tərəflərindən də danışıb: "Bu mərkəzlərin açılması həm oradakı işçilərin yenidən iş yerlərinə qayıtması, həm əmək haqlarının bərpası, ticarət dövriyyəsinin artması, bunun nəticəsində vergi ödənişlərinin artması deməkdir. İqtisadi proseslər üçün böyük ticarət müəssisələrinin önəmi böyükdür".

"Lakin qeyd edim ki, insanların sağlamlıqla bağlı narahatlıqları da nəzərə alınmalı, bunun da formaları tapılmalıdır. Çünki ola bilər ki, hətta böyük ticarət mərkəzləri açıldıqdan sonra müəyyən risklərə görə insanlar bu ünvanlara üz tutmaqdan imtina etsinlər. Bu zaman alış-veriş mərkəzlərinin açılmasının iqtisadi effekti aşağı düşəcək", - deyə N.Cəfərli əlavə edib.

O bildirir ki, iri ticarət mərkəzlərinin ziyanla işləməməsi üçün hökumət tərəfindən qəbul olunan müəyyən proqramlar var: "Tamamilə bağlanan sahələrin əməkdaşlarının əmək haqlarına güzəştlər edildi. Bundan başqa, kredit ödənişləri ilə bağlı da müəyyən təxirəsalınmalar var. Mallarda kiçik sahibkarlar müqavilə ilə icarədardılarsa, kreditləri varsa, kredit faizlərinin yarısını dövlət üzərinə götürə bilər".

"Lakin bu addımlar da itkiləri tamamilə qarşılamır. Ticarət mərkəzlərinin itkiləri ilə bağlı olaraq da ümumilikdə bir hesablamalar yoxdur. Bu gün bir çox ölkələrdə, eləcə də Türkiyədə bu istiqamətdə rəqəmlərin hər gün yeniləndiyinin şahidi oluruq. Türk Alış-veriş Mərkəzləri Birliyi var ki, bu birlik hər həftə bütün rəqəmləri açıqlayır. Alış-veriş mərkəzlərinə nə qədər ziyanın dəydiyi, orada çalışan işçilərin və ayrılıqda olaraq şirkətlərin ziyanı nə qədərdir, deyə hesabatlar açıqlanır. Bu baxımdan qeyd edim ki, hökumət alış-veriş mərkəzlərinə hansısa kömək göstərmək istəsə belə, əlində rəqəmlər olmalıdır ki, bunu etsin", - deyə iqtisadçı əlavə edib.