Türkiyə bir gündə 64, Fransa 306 insan itirdi

Britaniyada isə martın sonundan bu günədək ən aşağı ölüm göstəricisi qeydə alınıb – sutka ərzində 288 nəfər
Sputnik

BAKI, 5 may — Sputnik. Dünya üzrə COVID-19 xəstəliyindən ölənlərin sayı səngimək bilmir.

Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən bildirir ki, ABŞ-da bir gün ərzində 25 mindən çox adamda koronavirus təsbit olunub. Sutka ərzində isə 1303 insan COVID-19-dan dünyasını dəyişib. Dünya üzrə yoluxanların sayına görə lider olan ABŞ-da indiyədək 1161346 nəfərdə koronavirus təsbit olunub. 67781 insan ölüb.

Qardaş Türkiyə bir gündə 64 insanı koronavirus səbəbilə itirib. Sutka ərzində daha 1614 adamda koronavirus aşkarlanıb. Yoluxanların ümumi sayı 127 mindən çox, ölənlərin sayı – 3461, sağalanların sayı 68166 nəfər olub.

Şimal qonşumuzun paytaxtında sutka ərzində pnevmoniyası olan və koronavirus testi müsbət çıxan 52 pasiyent dünyasını dəyişib. Beləliklə, Moskvada COVID-19-dan ölənlərin ümumi sayı 816-ya çatıb.

Britaniyada isə martın sonundan bu günədək ən aşağı ölüm göstəricisi qeydə alınıb – sutka ərzində 288 nəfər. Ümumilikdə isə burada 28734 insan COVID-19-dan dünyasını dəyişib.

Fransa isə bu günədək 25 mindən çox insanı itirib. Burada sutka ərzində 306 nəfər koronavirusun qurbanı olub. Xəstəxanalarda 25.5 min koronaviruslu insan müalicə alır. Buna rəğmən reanimasiyalardakı xəstələrin sayında azalma var. Ümumilikdə indiyədək Fransada 93.3 mindən çox adam xəstəxanalara yerləşdirilib, 51 mindən çox xəstə sağala bilib.