Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 5 may — Sputnik. Bu ilin 30 aprel tarixində Xəzərə dənizində Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarının saxlanılması zamanı silah tətbiq etməsi nəticəsində həyatını itirmiş Qəhrəman İbrahimovun nəşi 5 may tarixində, ölkəmizin diplomatik nümayəndəliyinin iştirakı ilə Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin Manqistau əyaləti üzrə Sərhəd Xidmətinin hərbi gəmisi ilə Azərbaycan tərəfinə təhvil verilməsi məqsədilə yola düşüb.
Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, vətəndaşımızın nəşi Xəzər dənizinin ümumi su məkanında bu gün Azərbaycan Respublikasının Sərhəd Xidmətinin hərbi gəmisinə təhvil veriləcək.
"Azərbaycan ərazisinə gətirildikdən sonra vətəndaşın nəşi ailəsinə veriləcək. Qeyd etmək istərdik ki, Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə daxil olmuş notada baş vermiş insident zamanı həyatını itirmiş Azərbaycan vətəndaşı Qəhrəman İbrahimovun ailəsinə başsağlığı bildirilir, eləcə də Qazaxıstan tərəfindən sözügedən insidentin hərtərəfli və obyektiv araşdırıldığı və nəticələr barədə Azərbaycan tərəfinin məlumatlandırılacağı qeyd olunur", - deyə XİN-in məlumatında qeyd olunub.