CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Karantin müddətində zəhərlənənlərin sayı açıqlandı

"Qadın aptekdən metil spirtini tibbi spirt adı ilə alıb sonra düzgün istifadə etmədiyindən dünyasını dəyişib. Qadının sosial vəziyyəti aşağı idi, ola bilər ki, elə içkiyə meylli insan idi" - Baş toksikoloq
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 5 may — Sputnik. Martın 16-dan etibarən Azərbaycanda karantin rejiminə başlanılıb. Bu müddətdə ölkədə zəhərlənmə faktları da qeydə alınıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında baş toksikoloq Azər Maqsudov deyib. İlk olaraq son 10 gündə baş verən zəhərlənmə hadisələri haqda danışan A.Maqsudov bildirib ki, bu müddətdə 3 nəfər dəm qazından, 3 nəfər ilan sancmasından, 2 nəfər isə sirkə turşusundan zəhərlənib: "5 nəfər arasında allergik reaksiyaya görə zəhərlənmə hadisəsi qeydə alınıb. Ümumilikdə bir həftə ərzində zəhərlənənlər arasında ölüm hadisəsi qeydə alınmayıb".

"Martın 15-dən etibarən isə ümumilikdə 8 nəfər allergik reaksiyaya görə, 7 nəfər dəm qazı, 3 nəfər sirkə turşusu, 1 nəfər isə metil spirtindən zəhərlənib. Metil spirtindən zəhərlənən şəxs 1968-ci il təvəllüdlü qadın olub, dünyasını dəyişib", - deyə Maqsudov əlavə edib.

Baş toksikoloq bildirir ki, metil spirtindən zəhərlənən qadın 2 saatdan sonra dünyasını dəyişib: "Qadın aptekdən metil spirtini tibbi spirt adı ilə alıb sonra düzgün istifadə etmədiyindən dünyasını dəyişib. Qadının sosial vəziyyəti aşağı idi, ola bilər ki, elə içkiyə meylli insan idi.

Maqsudov ilan sancmaları barədə danışaraq bu cür rəqəmlərin azalması üçün insanları diqqətli olmağa səsləyib: "Kənd təsərrüfatında çalışanlar diqqətli olmalı, uzunboğaz rezin çəkmələr, əlcək geyməlidirlər. Ağacın altında oturduqda belə, diqqətli olmalıdırlar. Hər hansı bir hadisə baş verərsə, bu zaman xəstəni dərhal həkimə çatdırmalıdırlar ki, zərdab vaxtında vurulsun".

Baş toksikoloq zərdab çatışmazlığının olmadığını deyir: "Hansı məntəqələrdəki zərdab yoxdur, onlar rayon səhiyyə şöbəsinin qarşısında məsələ qaldırsınlar ki, zərdab çatdırılsın".