SƏHİYYƏ

Azərbaycanda ağır COVID-19 xəstələrinin sayı açıqlandı

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, mayın 3-ü tarixədək  ölkəmizdə 1932 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib
Sputnik

BAKI, 4 may — Sputnik. Azərbaycanda  koronavirusa yoluxmuş 17 xəstənin vəziyyəti ağırdır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) müalicə işləri üzrə koordinatoru Fərrux Sədirov məlumat verib.

O bildirib ki, həmin şəxslər Azərbaycanda koronavirusa yoluxmuş xəstələrin müalicə aldığı xəstəxanalarda müalicə alırlar. F.Sədirov qeyd edib ki, xəstələrdən 5-i süni tənəffüs aparatına bağlıdır: "Onların vəziyyətləri kritikdir. Şöbələrdə və intensiv terapiya blokunda yatanlarla bərabər vəziyyəti ağır olan 17 xəstə var".

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, mayın 3-ü tarixədək  ölkəmizdə 1932 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1441 nəfər müalicə olunaraq sağalıb, 25 nəfər vəfat edib, 466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 19 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 157932 test aparılıb.