CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ellə gələn bəlanı balla yola verənlər: "Almanlar bunu bizim üçün öyrəniblər" - FOTO

Çətinliklər olsa da, bu il əvvəlki illərə nisbətən daha çox məhsul istehsal etmək fikirləri var. Həm təsərrüfatı böyüdürlər, həm keyfiyyətli idarəetməyə keçiblər.
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 3 may — Sputnik. "Hər şey atamın mənə israrla "balı satmaqda bizə kömək elə" deməsi ilə başladı. Həmin il məhsul bol olmuşdu. 50 arı ailəsindən 1 tondan artıq bal süzmüşdü atamgil. Ucqar rayon, rayonun ucqar kəndi. Bal alanlar ancaq şəhərdən, xüsusilə Bakıdan gedənlər olur. Bu da 1 tonun qarşılığında çox az idi. Atam buna görə məndən kömək istəyirdi".

Sputnik Azərbaycan bildirir ki, Elvingilin ailəsi uzun illərdir ki, arıçılıqla məşğul olur. Atası Muradxan Bayramov sovet dövründə dövlətin arı təsərrüfatında arıçılıq edirmiş. Müstəqillik illərində bir neçə cəhddən sonra nəhayət öz arı təsərrüfatlarını qura bilirlər. 4 arı ailəsini 50-yə çatdıran arıçı ailəsinin əsas çətinliyi balın satışı ilə bağlı olub. Ona görə Bakıda xəbər agentliklərinin birində jurnalist kimi çalışan Elvindən yardım istənilir.

Ellə gələn bəlanı balla yola verənlər: "Almanlar bunu bizim üçün öyrəniblər" - FOTO

"Atam israr etsə də, ağlıma bir şey batmırdı. Balı bazarda satacaq deyildim. Həmin vaxt sosial mediada qarşıma bal satışı ilə bağlı reklamlar çıxırdı. Əla qablaşdırmaları var idi. Dedim, mən də belə gözəl işlər görəcəyəm, kiçik də olsa, bal brendi yaradacağam. Beləcə, dostların köməyi ilə ad seçdik, domen aldıq, loqo düzəltdik. Sonra loqonu, qablaşdırmanı yenə dəyişdik. Həm jurnalist kimi çalışırdım, həm də balçı kimi. İlk müştərilərim də jurnalistlər idi".

Elvin Bakıda satışla məşğul olduqca, ailəsi də kənddə təsərrüfatı böyüdür, müştərilərin tələbinə uyğun məhsul istehsal etməyə çalışır. Arı ailələrinin sayı yüzü keçib. Bal çeşidlərini, arı məhsullarının çeşidlərini artırmağa çalışırlar.

"Arıxanaya atamla bibim oğlu baxırlar. Mən əsasən yayda gedirəm. Arının dağa köçü, bal süzümü dövründə kömək etməyə çalışıram. Arıxananı yazda Ağstafa rayonunun Muğanlı kəndində saxlayırıq. Yayda isə harada gəlir varsa, oraya aparırıq - Ağstafanın nisbətən dağlıq kəndlərinə, Qazaxın, Tovuzun, Şəmkirin, Gədəbəy və Daşkəsənin dağlarına. İlə görə səfər edəcəyimiz yerlər dəyişir".

Ellə gələn bəlanı balla yola verənlər: "Almanlar bunu bizim üçün öyrəniblər" - FOTO

Balçımız iki peşəni birləşdirməyə çalışır. Arıçıların içərisində jurnalist, jurnalistlərin içərisində balçıdır. Arılarla, arıçılarla bağlı fotolar çəkir, videomateriallar hazırlayır, arı məhsulları haqqında yazılar yazır. Eyni zamanda Azərbaycan Arıçılar Assosiasiyasının (AAA) İdarə Heyətinin üzvüdür. AAA arıçıların hüquqlarının qorunmasına, problemlərinin həll edilməsinə çalışır.

"Getdikcə arıçılığa daha çox bağlanıram. Təsərrüfatımızda yeniliklərin tətbiqinə çalışıram. Bu məsələdə düşüncəm budur ki, əgər sənin təcrübən azdırsa, onda dünya təcrübəsindən istifadə etmək lazımdır. Zarafatla deyirəm ki, almanlar bunu bizim üçün öyrəniblər, bizə düşən təcrübədən yararlanmaqdır. Keçən il ilk dəfə ana arı yetişdirdim. Arıxananın ən məhsuldar arılarından ana yetişdirib zəif arıların anasını dəyişirik. Bu, həvəskar seleksiyaçılıqdır. Nəticəni bu il biləcəyik. Ancaq ana yetişdirmə birinci dəfəyə görə əlaydı".

Ellə gələn bəlanı balla yola verənlər: "Almanlar bunu bizim üçün öyrəniblər" - FOTO

Onun prinsipi belədir: "Özünə rəva görmədiyini özgəyə də rəva görmə!"

"Belə fikir var ki, məhsulun ilk partiyası yaxşı olur, sonradan keyfiyyət düşür. Bunu anlaya bilmirəm. Bir istehsalçı məhsulun keyfiyyətini niyə azaltsın ki?! Hər il yeniliklər olmasını istəyirəm. Keyfiyyəti də artırmağa çalışırıq. Atamla o qədər mübahisə edirik ki... Hərdən bu, dava həddinə çatır. Bu, iş mübahisəsi, iş davası olur. Hər ikimiz işlərin daha yaxşı olmasına çalışırıq".

Koronavirus hamı kimi onların da həyatını çətinləşdirib. Elvin Bakıda qalıb, atası isə kənddə. Çətinliklər olsa da, bu il əvvəlki illərə nisbətən daha çox məhsul istehsal etmək fikirləri var. Həm təsərrüfatı böyüdürlər, həm keyfiyyətli idarəetməyə keçiblər.

Ellə gələn bəlanı balla yola verənlər: "Almanlar bunu bizim üçün öyrəniblər" - FOTO

"Arı sevgimi Bakıdakı mini-təsərrüfatla qarşılayıram. Karantin olmasaydı, indi kənddəydim. Tezliklə kəndə gedəcəyim günü gözləyirəm. Əsl kəndin vaxtıdır indi. Hər yan yaşıllıq, çiçəkdir. Burada da işlər çoxdur. Koronavirusa görə bal satışı ötən ilə nisbətən artıb. İnsanlar arı məhsullarından istifadə etməklə immun sistemini gücləndirmək istəyirlər. Həm də bu vaxt faydalı qidalara çox ehtiyac var. Karantin rejiminə baxmayaraq sifarişləri çatdırırıq. Müştərilərimiz razı qalmalıdırlar. Atam da kənddə dayanmadan işləyir. Arıların güclənən vaxtıdır. İndi sürətlə şan hörülür, ana arı çoxlu yumurta qoyur. İndilərdə çıxan balalar may balına işləyəcək. Bu zaman arını boş vermək olmaz. 1 gün 1 həftəyə bərabərdir".