BAKI, 3 may — Sputnik, Kəmalə Əliyeva. Andrey Malaxov özünün “Birbaşa efir” ("Прямой эфир") verilişində onun haqqında danışdıqdan sonra Rusiyada xeyli insan azərbaycanlı Xalid Heydərova kömək üçün müraciət edib.
Bu barədə X.Heydərov Sputnik Azərbaycan-a özü danışıb. Xalid Azərbaycanın İmişli rayonunun Ağcüyür kəndində doğulub-böyüyüb. 2009-cu ildə isə Ulan-Udedə yaşayan atasının yanına köçmək qərarına gəlib. O, artıq 8 ildir, Ulan-Udedə yaşayır və özünün meyvə mağazası var.
Xalid deyir ki, Instagram-da gecə-gündüz xəstəxanada işləyən həkimlər haqda videoları gördükdən sonra ehtiyacı olanlara kömək etməyə başlayıb. O hesab edir ki, koronavirusla mübarizədə onun da payı olmalıdır, buna görə də yardım etmək vacibdir.
Xalidin xeyirxah əməlindən insanlar Andrey Malaxovun öz verilişində onun haqda süjet göstərərək bütün ölkəyə tanıtmasından sonra xəbər tutublar. Bu videoçarxdan sonra həm Rusiyada, həm də doğma Azərbaycanda onunla fəxr edənlərin sayı artıb.
“Hər gün sosial şəbəkədə əsasən yaşlı adamlardan xeyli sayda yardım haqda istək alıram. Andrey Malaxov haqqımda süjet göstərəndən sonra onların sayı daha da artdı. Mənə çoxlu təşəkkür məktubları da gəlir. Milyoner deyiləm, ona görə də, təəssüf ki, hamıya kömək edə bilmirəm”, - Heydərov etiraf edir.
O əsasən tənha və hərəkət imkanları məhdud olan, gerçəkdən köməyə ehtiyacı olan yaşlılara kömək edir. Heydərov hər səhər ərzaq məhsullarını öz maşını ilə ünvanlara çatdırır. Bundan başqa, onun mağazasında hər zaman satın almağa imkanı olmayan adamlar üçün ərzaq məhsulları olur.
“Təəssüf ki, mənə qoşulub ehtiyacı olanlara kömək etmək istəyənlərin sayı həddən artıq azdır. Hər dəfə sosial şəbəkədə Rusiyada yaşayan həmvətənlərimə, eləcə də rusiyalılara mənə qoşulmaları üçün müraciət edirəm. İndi çox çətin zamandır, ona görə də birləşməli və bir-birimizə kömək etməliyik”, - Heydərov hesab edir.
Baxmayaraq ki, uzun zamandır ziyana işləyir, Xalid xeyriyyəyə sərf etdiyi pullara görə heç heyfsilənmir. Heydərov karantinin sonuna kimi ehtiyacı olanlara kömək etmək fikrindədir. Ümid edir ki, onu bu işdə tək qoymayacaqlar.