CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ön cəbhədə dayanan görünməz qəhrəmanlarımız: Həyatımızı onlara borcluyuq – FOTO/VİDEO

Bu gün ön cəbhədə vuruşan görünməz qəhrəmanlarımızın - Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının və ən əsası da tibb işçilərinin əməyinin nəticəsidir.
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 2 may — Sputnik. Koronavirus bütün dünyada can almaqda davam edir. Azərbaycanda bu günə olan rəqəmlərə görə, ölənlərin sayı 25 nəfərə çatıb. Ümumilikdə ölkəmizdə bu xəstəliyə yoluxanların sayı 1854, sağalanların sayı isə 1365 nəfər olub.

Ümumi statistikanı götürdükdə, Azərbaycanda vəziyyət dünya ölkələri ilə müqayisədə daha ürəkaçandır. Bu isə bu gün ön cəbhədə vuruşan görünməz qəhrəmanlarımızın - Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının və ən əsası da tibb işçilərinin əməyinin nəticəsidir.

Sputnik Azərbaycan olaraq görünməz qəhrəmanlardan bəhs edəcəyik.

Azərbaycanda karantin üçün ilk olaraq ayrılan Qobustan Rayon Mərkəzi Xəstəxanasının həkim laborantı, Laboratoriya şöbəsinin müdiri Rəşad Ağarəhimova üz tutduq. Şamaxıda yaşayan həkim bu ağır günlərdə zamanının böyük hissəsini xəstəxanada keçirtməli olur: "Xəstəxanamızın karantin üçün ilk qəbul etdiyi şəxslər elə virusun yayıldığı, daha çox alovlandığı Çinin Uhan vilayətindən idi. Bunadək Uhandakı vəziyyətlə bağlı izlədiyim videolar adamda müəyyən təlaş, vahimə yaradırdı. Bu səbəbdən Uhandan gələn şəxslərin xəstəxanamıza yerləşdiriləcəyini öyrənəndə çox həyəcanlandıq. Amma yenə də, biz şir ürəyi yemiş insanlarıq, qərar verdim ki, bu xəstələr baxıb sağaldım, çünki bu bizim borcumuzdur".

Ön cəbhədə dayanan görünməz qəhrəmanlarımız: Həyatımızı onlara borcluyuq – FOTO/VİDEO

“Polis cinayətkarı görüb qaçmır, biz də hətta ən təhlükəli hesab edilə biləcək xəstədən imtina edə bilmərik” deyən, 10 ildən artıqdır ki, bu məsuliyyəti çiyinləri üzərinə götürən 36 yaşlı həkim bundan sonra da bütün risklərə rəğmən eyni işi görəcəyini, vəzifə borcunu yerinə yetirəcəyini söyləyir. Risk isə onların lap bir addımlığındadır. Kiçik diqqətsizlik onların da həyatını təhlükəyə ata bilər. 

Vəzifə borcunu icra etdiyini, özünü qəhrəman olaraq görmədiyini desə də, ətrafında ona qarşı münasibətin dəyişdiyini deyir. O bizimlə yanaşı, bir çoxlarının, eləcə də əzizlərinin gözündə insanları sevdiklərinə qovuşduran bir qəhrəmandır. Bu günlərdə o evdə oynamaq, əylənmək üçün yolunu gözləyən 3 övladının, həyat yoldaşının da qəhrəmanıdır. Lakin bu günlərdə övladları ata sevgisinə həsrət qalıblar. Artıq bir neçə aydır gərgin iş rejimində çalışan həkim deyir ki, bu müddətdə günlərlə xəstəxanada qaldığı, gecə yarısı evdən xəstəxanaya getdiyi vaxtlar da olub: "3 aydan da çoxdur ki, işə əvvəlkindən tez gəlib, daha gec gedirik. Bu müddətdə axşam doqquzdan tez işdən çıxdığımı heç xatırlamıram. Bəzən işim gecə 1-də bitəndə çalışıram evə gedim. Ev başqadır, adam ailəsindən uzaq qalanda çox darıxır. Övladlarım mənim üçün çox darıxdıqlarını, birgə oynamağımızı, zaman keçirtməyimizi istədiklərini deyirlər. Amma desəm ki, evə gəlib övladlarımla zaman keçirirəm, yalan olar".

Həkim deyir ki, riski azaltmaq, təhlükəni ailəyə yoluxdurmamaq üçün onlar evə getməzdən öncə özlərindən analizlər götürürlər ki, ailələri, ətraf üçün təhlükə mənbəyi olmasınlar.

"Çirkli Zona"da çalışan həkimlər riski azaltmaq üçün digər həkimlərlə xəstə kontaktını azaldaraq bir çox işləri özləri görür, gündə üç-dörd dəfə xəstələrin yanına qalxıb yaxma, analiz götürərək digər həkimlərlə müəyyən fikir mübadilələri aparırlar.

Rəsmi statistikaya görə, Azərbaycanda koronavirusa yoluxan həkimlərin sayı 300-dən çoxdur. Onların arasında Namiq Nəbiyev də var. Bir neçə gün öncə koronavirusa yoluxan həkim-infeksionist, eyni zamanda da 3 saylı Şəhər Klinik Xəstəxananın İnfeksion şöbəsinin müdiri Namiq Nəbiyevlə də söhbətləşdik.

Ön cəbhədə dayanan görünməz qəhrəmanlarımız: Həyatımızı onlara borcluyuq – FOTO/VİDEO

“Qəhrəmanlıq belə olmaz” deyərək sözə başlayan həkimə görə qəhrəmanlar yalnız torpaq uğrunda vuruşanlardır. O, hazırda Azərbaycan Tibb Universitetinin Cərrahiyyə korpusunda müalicə alır. Necə xəstələndiyindən xəbərsizdir: "TƏBİB-in göstərişi ilə fevralın 9-dan etibarən Neftçala, Cəlilabad, Astara rayonu, eyni zamanda da Qobustanda ezamiyyətdə olmuşam. Düzü evə getməzdən öncə özümüzdən analizlər götürürdük. Müayinələrimin nəticəsi isə hər zaman neqativ olub. Amma bir də gördüm ki, xəstələnmişəm, temperaturum qalxıb, özümü pis hiss edirəm. Virusa yoluxduğumu hiss etmıdiyimdən həyat yoldaşımı da yoluxdurmuşam. İndi də bir palatanı paylaşırıq”.

Həkim 52 yaşı olmasına baxmayaraq sağaldıqdan sonra yenidən işinin başına keçəcəyini, bu cür xəstələri müalicəsində yenidən yaxından iştirak edəcəyini söyləyir: "Bu mənim işimdir! İkinci dəfə risk ola biləcəyi mənim üçün heç nəyi dəyişmir. Çünki bu mənim işimdir".

Amma bu gün təhlükəsizliyimizin təmin edilməsində həkimlər tək deyillər. Bizim gözə görünməz qəhərmanlarımızdan biri də Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarıdır. Onlar isə virusun ölkə sərhədindən keçməsinin qarşısının alınması üçün gecə-gündüz çalışırlar.

Belə ki, yeni koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədi ilə, ölkə başçısının göstərişi əsasında həyata keçirilən kompleks tədbirlərə Fövqəladə Hallar Nazirliyinin Tibb xidməti, Mülki Müdafiə Qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti, Regional Mərkəzləri və digər aidiyyəti strukturları dövlət orqanları ilə birgə fəaliyyətdə qarşıya qoyulan tapşırıqların icrasını təmin edirlər. Bu barədə isə bizi nazirliyin Baş Əməliyyat İdarəsinin rəis müavini, polkovnik-leytenant Ələsgər Əliyev məlumatlandırıb:

Ön cəbhədə dayanan görünməz qəhrəmanlarımız: Həyatımızı onlara borcluyuq – FOTO/VİDEO

"Ölkəmizə daxil olan vətəndaşların qəbul edilməsi məqsədi ilə, Rusiya, İran və Gürcüstan ilə sərhəd-keçid məntəqələrində FHN tərəfindən ümumilikdə 6 qəbul-çeşidləmə məntəqələri yaradılıb. Burada məqsəd xaricdən ölkəmizə qayıdan vətəndaşların qəbul edilməsi, onların həkim müayinəsindən keçirilməsi və müəyyən olunmuş müddət ərzində müvəqqəti olaraq saxlanılmasından ibarətdir. Qəbul çeşidləmə məntəqələrinin yaradıldığı 27 fevral tarixindən bu günədək ümumilikdə 8 mindən artıq vətəndaş qəbul olunub, onların həkim müayinəsi aparılıb, bəzilərinin müvəqqəti olaraq qəbul-çeşidləmə məntəqələrində saxlanılması təmin edilib".

"Bu tədbirlər Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi ilə qarşılıqlı fəaliyyətdə həyata keçirilir. Bilirsiniz ki, bəzi istirahət mərkəzləri, hotellər də karantin tədbirlərinin həyata keçirilməsi üçün ayrılmışdı. Müəyyən müddət ərzində həmin obyektlərdə hazırlıq prosesi həyata keçirilənədək bu şəxslərin qəbul-çeşidləmə məntəqələrində müvəqqəti olaraq saxlanılması təmin edilib", - deyə nazirlik rəsmisi əlavə edib.

Ə.Əliyev bildirir ki, FHN-nin tibbi personalı tərəfindən müayinələr aparılan zaman 100 nəfər şəxsdə infeksiyaya yoluxma şübhəsi müəyyən edilib və daha ətraflı müayinələrin aparılması məqsədi ilə həmin şəxslərin Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi ilə qarşılıqlı fəaliyyətdə xüsusi müalicə müəssisələrinə göndərilməsi təmin edilib.

Hazırda isə qəbul-çeşidləmə məntəqələrində yük avtomobillərinin sürücülərinin saxlanılması təmin olunur: "5 aprel 2020-ci il saat 00:00-dan etibarən yükdaşımalar istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın tam şəkildə dayandırılması barədə Azərbaycan Respublikası Hökuməti tərəfindən müvafiq qərar qəbul olunub. Yaradılmış qəbul-çeşidləmə məntəqələri ölkəmizə daxil olan yük avtomobillərinin sürücülərinin qəbul edilməsi, onların həkim müayinəsindən keçirilməsi və müvəqqəti olaraq, yüklər aidiyyəti üzrə təhvil verilənədək qəbul-çeşidləmə məntəqələrində saxlanılması istiqamətində fəaliyyət göstərirlər. Yük avtomobillərinin sürücüsü olan xarici ölkə vətəndaşlarında hər hansı yoluxma şübhəsi aşkar olunduğu təqdirdə digər dövlət orqanları ilə qarşılıqlı fəaliyyətdə, həmin şəxslərin sərhəddən geri qaytarılması üçün müvafiq tədbirlər həyata keçirilir”.

"Lakin ölkəmizə daxil olan yük avtomobillərinin sürücüsü Azərbaycan vətəndaşı olduqda onların ilkin həkim müayinəsi aparılır, hərəkət marşrutu barədə məlumatları əldə olunmaqla hərəkətinə icazə verilir. Şübhəli əlamət aşkar olunarsa, dəqiq diaqnoz qoyulması üçün onun xüsusi ayrılmış yerli müalicə müəssisəsinə göndərilməsi təmin edilir. Həmçinin, tranzit olaraq ölkə ərazisindən keçən yük avtomobillərinin sürücüləri də, bir qayda olaraq, həkim müayinəsinə cəlb edilirlər", - deyə Ə.Əliyev əlavə edib.

Qəbul-çeşidləmə məntəqələrində zəruri tibb vasitələri ilə təchiz edilmiş tibb məntəqələri fəaliyyət göstərir və burada sürücülərin müəyyən olunmuş müddətdə qalması üçün çadırlar qurulub. Həmin şəxslərdə heç bir şübhə müəyyən edilmədiyi halda şəhərciyə qəbulu və orada qalması təmin edilir. Ə.Əliyevin sözlərinə görə, hazırda qəbul-çeşidləmə məntəqələrində qalan yük avtomobillərinin sürücülərinin müvəqqəti yaşayışı üçün hər bir şərait yaradılıb, istər qidalanma, istər çadırların isidilməsi, sanitar-gigiyenik tələblər yüksək səviyyədə təmin edilib. Onlar burada həkim nəzarətində saxlanılırlar.

Bundan başqa, məntəqələrdə dezinfeksiya tədbirlərinin həyata keçirilməsi də diqqət mərkəzində saxlanılır, - deyən FHN rəsmisi əməkdaşların iş rejimindən də danışıb: "Əməkaşlarımızın ezamiyyət müddəti 20-30 gün təşkil edir. Onlar bütün fərdi mühafizə vasitələri ilə təmin  olunsalar, mühafizə tədbirləri nə qədər effektiv olsa da, yoluxma riski olduğundan evlərinə dönməzdən öncə bu əməkdaşlarımızdan analizlər götürülür. Nəticələr neqativ olarsa, bu şəxslər 14 gün karantin üçün ayrılan yerlərdə qalırlar”.

FHN-dən verilən məlumata görə, xoşbəxtlikdən nazirliyin qəbul-çeşidləmə məntəqələrində çalışan əməkdaşları arasında yoluxma faktı qeydə alınmayıb.

Qeyd edək ki, bu məntəqələrdə FHN-in hər birində 6 olmaqla ümumilikdə 36 tibbi personalı xidmət göstərir.

Lakin onların insanlara yardımı bununla bitmir. Belə ki, aprelin 8-dən etibarən ölkəmizdə mövcud karantin rejimində psixoloji problemlər yaşayan vətəndaşlarımıza dəstək olmaq üçün FHN-in psixoloqları tərəfindən “112” qaynar telefon xətti vasitəsilə vətəndaşlara təcili psixoloji yardımın göstərilməsi təşkil olunub. 24 saat fasiləsiz fəaliyyət göstərən telefon xəttində nazirliyin xüsusi hazırlıqlı 12 nəfər psixoloqu çalışır.

Həkimlər, FHN əməkdaşlarından danışmışkən polislərimizi də unutmamalıyıq. Həkimlər yalnız xəstələrlə təmasda olurlarsa, polislərimiz kimin xəstə olub-olmamasını bilmədən, hər kəslə təmasda olurlar. Baş Dövlət Yol Polisinin məlumatına görə, polislər arasında da bu xəstəliyə yoluxanlar var. Növbəti görünməz qəhrəmanımız, Yasamal rayonu 27-ci polis bölməsinin sahə rəisi Natiq Tanrıverdiyevlə iş başında söhbətləşdik:

Ön cəbhədə dayanan görünməz qəhrəmanlarımız: Həyatımızı onlara borcluyuq – FOTO/VİDEO

“Hazırda gücləndirilmiş iş rejimində çalışırıq. 08:00-dan 20:00-dək iş başındayıq. Əsas məqsədimiz ictimai asayişi qorumaq, virusla əlaqədar vətəndaşlarımızı təlimatlandırmaqdır. Bütün təlimatlara əməl olunarsa, xəstələnmə halı qeydə alınmaz”.

Bəzi hallarda protokol tərtib etdiklərini deyən həmsöhbətimiz insanları saxlayaraq onların çölə çıxmağa icazələrinin olub-olmadığını öyrənərək vətəndaşları gərək olmadan evdən çıxmamağa səsləyirlər.

Gün ərzində çoxsaylı insanlarla ünsiyyətdə olan polislərin təhlükısizliyi üçün onlar fərdi mühafizə vasitələri təmin olunublar. Bu gün biz sağlam qaldığımız, sevdiklərimizi yanımzıda gördüyümüz üçün bütünlükdə Daxili İşlər Nazirliyinin əməkdaşlarına, eləcə də polislərimizə borcluyuq.