HADİSƏ

DTX İrandan narkotik və psixotrop maddə gətirilməsinin qarşısını alıb

Külli miqdarda narkotik vasitə - 15 kiloqram 346 qramdan artıq heroin və psixotrop maddə olan 962,1 qram metamfetamin aşkar edilərək götürülüb.
Sputnik

BAKI, 2 may — Sputnik. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına külli miqdarda narkotik vasitə və psixotrop maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinin qarşısı alınıb.

İrandan külli miqdarda narkotik gətirilməsinin qarşısı alındı, tutulanlar var

DTX-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, Həyata keçirilmiş tədbirlərlə Cəlilabad rayonunun Gülməmmədli kəndi ərazisində Azərbaycan Respublikasının vətəndaşı İsmayılov İsrafil Yuri oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsində, daşınmasında və qaçaqmalçılığında şübhəli şəxs qismində saxlanılmış, sonuncunun idarə etdiyi motosikletə və üzərinə keçirilmiş baxış zamanı külli miqdarda narkotik vasitə - 15 kiloqram 346 qramdan artıq heroin və psixotrop maddə olan 962,1 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma) maddələri ilə cinayət işi başlanıb, İsrafil İsmayılov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda bu cinayət əməllərinin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.