BAKI, 1 may — Sputnik. İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılar üçün nəzərdə tutulan birdəfəlik ödəmə (190 manat) proqramına müraciət edənlərdən 65 min şəxsin həyat yoldaşının birdəfəlik ödəmə aldığı müəyyən edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, həmin şəxslərə birdəfəlik ödəmə verilməsindən imtina olunub və bu barədə onlara SMS göndərilib. Qanunvericiliyə əsasən, birdəfəlik ödəmə əmək qabiliyyətli, lakin işsiz, dövlətdən heç bir ödəniş almayan və aztəminatlılıq meyarlarına uyğun ər və arvaddan yalnız birinə, eləcə də ailədə qeyd edilən kriteriyalara uyğun digər şəxslər varsa, onlara təyin edilir. Müraciət etmiş 65 min şəxsin həyat yoldaşının onlayn müraciəti əsasında artıq bu ödəmə təyin olunduğundan onların özünə ödəmə təyin edilməyib.