CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Soymaqla soyulmaq arasında incə xətt: qanunu bilən özü edəcək

DYP əməkdaşı plyonka ilə bağlı protokol tərtib edə bilər, çünki bu gün qüvvədə olan qanun bunu tələb edir. Amma sürücü nəyə əsaslanıb plyonka vurduğunu açıqlaya bilməyəcək. Çünki bu barədə heç bir qanun yoxdur
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 30 aprel — Sputnik. Azərbaycanda iqlim şəraiti ilə əlaqədar olaraq hər il mayın 1-dən noyabrın 15-dək sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilir.

Xatırladaq ki, ötən il Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun adından yayılan telefonoqramda hər il mayın 1-dən noyabrın 15-dək respublikanın iqlim şəraiti nəzərə alınaraq nəqliyyat vasitələrinin arxa və yan şüşələrində sənaye üsulu ilə hazırlanan avtomobil jalüzlərindən istifadəyə icazə verildiyi qeyd edilmişdi.

Sputnik Azərbaycan-ın məlumatına görə, sənəddə vurğulanırdı ki, bu barədə qanunvericiliyə əlavə və dəyişikliklər baxılma ərəfəsindədir və qanunda dəyişikliklər edilənədək sürücülər cərimə olunmayacaqlar.

Hələ ki cərimə edilməyəcəksiniz - şöbə rəisindən açıqlama

Ancaq aradan 6 aydan çox bir zamanın keçməsinə baxmayaraq, qanunda dəyişikliklər edilmədi. Əvvəlcə Milli Məclis buraxıldı, sonra isə bu dəyişikliyi gündəmə gətirmək heç kimin yadına düşmədi.

Sabah mayın 1-dir. Bəs bu vəziyyətdə sürücülərə cərimə yazıla bilərmi?

Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev bildirib ki, yay rejimində də jalüzlərdən istifadəyə icazə veriləcək. Amma burada söhbət plyonkadan yox, jalüzlərdən gedir.

Onun sözlərinə görə, əvvəlki qanunvercilik qüvvədədir və heç bir dəyişiklik edilməyib. Bu səbəbdən də mayın 1-dən noyabrın 15-dək plyonka yox, jalüzlərdən istifadəyə icazə verilir.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, bu məsələ ötən ilin noyabr ayında gündəmə gəldi: "Məlumat yayıldı ki, Daxili İşlər naziri Vilayət Eyvazov göstəriş verib ki, plyonkaya görə sürücüləri incitməyin. Məlum oldu ki, bu məsələ ilə bağlı Prezident Administrasiyası tərəfindən Milli Məclisə qanun layihəsi göndərilib. Həmin layihəyə baxılacaq və sürücünün arxasında qalan şüşələrin tündləşdirilməsi sürücülərin öz ixtiyarına veriləcək. Bu, Avropa İqtisadi Komissiyasının qərarıdır və bir çox dünya ölkələrində keçərlidir".

E.Muradlı bildirir ki, Azərbaycanda bu təcrübənin reallaşdırılması üçün Milli Məclisə təklif göndərilib. Amma aradan müəyyən vaxtın keçməsinə baxmayaraq, məsələ müzakirə edilmədi.

Ekspert vurğulayır ki, bu vəziyyət bəzi sürücülərin işinə yaradı. Belə ki, vəziyyətdən istifadə edən bəzi sürücülər avtomobilin 4 tərəfinin şüşələrini tündləşdirdilər.

Onun fikrincə, məhz həmin sürücülər cərimə edilirlər.

R.Zeynalovun qərarında qeyd edilmişdi ki, bununla bağlı qanunvercilikdə dəyişiklik edilənə qədər heç bir cərimə tərtib edilməsin. Ancaq bu günlərdə Kamran Əliyevin açıqlamasından görünən odur ki, DYP əməkdaşı müvafiq qanunla cərimə tətbiq edə bilər: "Yəni DYP əməkdaşı plyonka ilə bağlı protokol tərtib edə bilər, çünki bu gün qüvvədə olan qanun bunu tələb edir. Amma sürücü nəyə əsaslanıb plyonka vurduğunu açıqlaya bilməyəcək. Çünki bu barədə heç bir qanun yoxdur".

E.Muradlı əlavə edib ki, plyonka məsələsi açıq qalıb. Və Milli Məclisin bu məsələ ilə bağlı qanun layihəsini müzakirə edib, təsdiqləməyinin vaxtıdır.

Hüquqşünas Fərid Həmidli isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Yol Hərəkəti Haqqında" qanuna görə, sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan hər-hansı formada və ölçüdə örtüklər çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilib.

"Yəni işıq buraxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir. Qeyd edim ki, standartlara əsasən, minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşənin işıqburaxma qabiliyyəti küləyə qarşı şüşələr üçün - 75 faiz, küləyə qarşı olmayan şüşələr üçün isə 70 faizdən aşağı həddə olmalıdır. Yəni bu hədd keçilən zaman DYP əməkdaşının avtomobili saxlayıb, müvafiq protokol tərtib etmək hüququ var".

Hüquqşünasın sözlərinə görə, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. İşıqburaxma həddi müəyyən edilmiş şüşələrə örtüklərin çəkilməsi qadağandır.

O qeyd edib ki, qanunu pozan şəxsləri İnzibati Xətalar Məcəlləsinin 342.2.4 maddəsi ilə 150 manat məbləğində cərimə gözləyir.