BAKI, 30 aprel — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin "AQTA maarifləndirir" rubrikası davam edir. Sputnik Azərbaycan xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər oxucuların diqqətinə çatdırılır. Budəfəki maarifləndirici mövzu immun sistemini zəiflədən amillər haqqındadır.
Güclü immun sistemi sağlamlığın vacib şərtidir. İmmun sisteminin fəaliyyəti yaş və qidalanmadan asılı olaraq dəyişir. İmmun sisteminin zəifləməsinə səbəb olan bir sıra amillər də var:
Ümumi gigiyena qaydalarına əməl etməmək və ya ifrat dərəcədə əməl etmək – Əllərin, dırnaqların, dişlərin, geyim və əşyaların təmiz saxlanması gigiyenanın əsas şərtidir. Ətrafdakı bakteriyalar, viruslar orqanizmə əllər, çirkli əşyalar, yaxşı yuyulmamış ərzaqlar vasitəsilə daha çox daxil olur ki, bu da müxtəlif xəstəliklərin yaranması ilə nəticələnir. Hər bir kəs şəxsi gigiyena qaydalarını vərdişə çevirməklə öz sağlamlığını qorumağı bacarmalıdır. Ətraf mühitin sterilliyi artdıqda da immun sisteminin funksiyaları pozulur və autoimmun xəstəliklərin inkişaf etmə ehtimalı yüksəlir. Hətta məişətdə ağardıcı təmizlik məhsullarının həddindən artıq istifadəsi uşaqların immun sistemini zəiflədir və nəticədə tez-tez xəstələnmələrinə səbəb olur.
Xroniki xəstəliklər - Diabet, xroniki böyrək, qaraciyər və s. xəstəliklərin uzun müddət davam etməsinin immun sisteminə mənfi təsiri böyükdür.
Xroniki stress - Davamlı stress, gərginlik orqanizmin xəstəliklərə qarşı həssaslığını artırır, immun sisteminin fəaliyyətini aşağı salır.
Yuxusuzluq – Yuxu insan sağlamlığında, o cümlədən immun sistemin fəaliyyətində böyük rol oynayır. Yuxu rejimi pozulduqda orqanizmdə stress halında adrenalin və kortizol hormonların səviyyəsi artır və nəticədə immun sistemi zəifləyir. Həmçinin immunizasiya aktivliyi ləngiyir ki, bu da antitellərin ifrazını və immun cavab reaksiyasının sürətini gecikdirir.
Siqaret və narkotik istifadəsi, alkoqolun qəbulu, az hərəkətli həyat tərzi, artıq çəki kimi faktorlar immun sisteminin zəifləməsində aparıcı rola malikdir.
Şəkərdən istifadə - Həddindən artıq şəkər qəbulu immun sisteminin fəaliyyətinə mənfi təsir edir, orqanizmin infeksiyalara qarşı müdafiəsini azaldır.
Balanslaşdırılmamış və ya tək tip qidalanma - Normadan artıq, qeyri-sağlam qidalanma immun sisteminin fəaliyyətini aşağı salan diabet və piylənmə riskini artırır. Arıqlamaq üçün pəhriz saxlayanların az və ya tək tip qidalanması, həmçinin mikroelement və vitaminlərin qida rasionunda çatışmazlığı immun sisteminin funksiyasını azaldır və bu da bədənin xəstəliklərə qarşı müqavimətini zəiflədir.
Mövsüm dəyişikliyi - Fəsil dəyişməsi immun sistemin fəaliyyətinin zəifləməsinə ciddi təsir göstərir.
Autoimmun xəstəliklər (revmatoid artrit və Kron xəstəliyi) zamanı istifadə edilən dərmanlar - Autoimmun xəstəliyi immun sisteminin komponentlərinin orqanizmin öz hüceyrələrini tanımaması nəticəsində yaranır və nəticədə kəskin allergik reaksiyalara səbəb olur. Buna görə də immun sisteminin fəaliyyətini zəiflətmək üçün istifadə olunan dərmanlar çox zaman sonradan qazanılmış immun sisteminin çatışmazlığına gətirib çıxarır.
İltihabi xəstəliklər zamanı istifadə olunan steroid tərkibli dərmanlar - Dərmanların yüksək dozalarda uzun müddət istifadə olunması immun sistemini zəiflədə biləcək amillərdəndir.