BAKI, 30 aprel - Sputnik, Kəmalə Əliyeva. Dünya şöhrətli alman qrupu "Modern Talking"in keçmiş fotoqrafı Armin Zedler Almaniyada azərbaycanlı müğənni Seyran İsmayılxanovun fotosessiyasını edib.
Koronavirus pandemiyasına görə Almaniyada bütün tədbirlərin, o cümlədən konsertlərin ləğv edilməsi ilə əlaqədar müğənni evdə vaxtını səmərəli keçirməyə qərar verib. Bu günlərdə o, çəkilişlərini öz mənzilində apardığı "Ay işığı" mahnısının yeni klipini təqdim edib. Müğənni özü öz videoçarxının rejissoru kimi çıxış edib.
Bu dəfə ifaçı öz mənzilində fotosessiya etmək qərarına gəlib. Çəkilişlərin müəllifi məşhur alman fotoqrafı Armin Zedler olub. O, alman musiqi duetinin solistləri Tomas Anders və Diter Bolen, eləcə də bir çox digər ifaçılarla işləyib. Fotosessiya üçün obrazları İsmayılxanovun özü fikirləşib.
Seyran İsmayılxanov 2005-ci ildən Almaniyanın Köln şəhərində yaşayır və işləyir. Müğənni Tacikistan, Qazaxıstan, Monteneqro, Makedoniya, Yunanıstan və digər ölkələrdə keçirilən bir çox beynəlxalq müsabiqələrdə, festivallarda, konsertlərdə iştirak edib. Almaniyada dünya şöhrətli "The Voice" (Səs) layihəsinin iştirakçısıdır.