CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

O da təbiətdən qazanır: Bir dəfə xərc, bir ömür qənaət - FOTO

"Bu qurğu olmasaydı, ayda minimum 150 manat ödəməli olardım. Amma hazırda 40-50 manatdan artıq ödəmirəm"
Sputnik

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 29 aprel — Sputnik. Goranboyun Eyvazlılar kənd sakini Elxan Məmmədov 11 ildir, şəxsi fermer təsərrüfatında isti suyu fərqli formada əldə edir. Təsərrüfatı yaşayış məntəqəsindən uzaqda yerləşdiyindən oraya mavi yanacaq çəkmək mümkün olmayıb. Buna görə də uzun illər isti su əldə etmək üçün baha başa gələn dizel yanacağından, odundan istifadə edib. Sputnik Azərbaycan bildirir ki, 2009-cu ildə o, bu problemə çarə tapıb. Belə ki, fermer təsərrüfatında günəş panelləri quraşdırıb.

E.Məmmədov bu qurğudan artıq 11 ildir istifadə etdiyini söyləyib: "2009-cu ildə xarici bir təşkilatın köməkliyilə quraşdırdım. Çox effektli bir qurğudur. Heç bir enerji sərf etmədən daimi isti su əldə edə bilirik. Yayda suyun istiliyi 70 dərəcəyədək artır. Qışda isə gün ərzində 2-3 saat günəş çıxmağı kifayət edir ki, bütün gün isti su olsun. Təsərrüfatda işləyən 20-25 nəfərin bütün məişət işlərində istifadə edilir".

Fermerin sözlərinə görə, içərisində xüsusi maye olan spiralla gündüz qızan suyu gecədən səhərə kimi isti saxlamaq mümkündür. Su qızdıqdan sonra qurğunun içindəki spirallar günün digər saatlarında da onu isti saxlayır. Təsərrüfat sahibi günəş panellərinə qoyduğu xərci bir neçə dəfə artıqlaması ilə çıxardığını söyləyib.

“Bunu quraşdırmaq haradasa 5 min manata başa gəldi. Amma bu günədək hesablasaq, 15-20 min manata qənaət etmişəm. Buradan 11 ildir, bütün təsərrüfat işçiləri hər işlərini görürlər, amma bir qəpiyimiz çıxmır. Bu qurğu olmasaydı, ayda minimum 150 manat ödəməli olardım. Amma hazırda 40-50 manatdan artıq ödəmirəm”, - deyə bildirib.

O da təbiətdən qazanır: Bir dəfə xərc, bir ömür qənaət - FOTO

Goranboy sakini günəş panellərinin bir üstün cəhətini də heç bir əlavə vəsait tələb etmədən işləməsində görür: "Bunun qırılma ehtimalı yoxdur. Mühərriki yoxdur, yansın, elektriklə işləmir ki, qısaqapanma olsun. Heç bir xərc tələb etmədən daim işləyir. Hətta sayı artırılsa, bir kəndi də isti suyla təmin edə bilər". 

Ekoloji cəhətdən təmiz və təhlükəsiz olan günəş panellərinin təsərrüfat sahibi gələcəkdə sayını artırmağı düşünür və bunun üçün axtarışlar apardığını deyir.