CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Maska taxmayanlar "ASAN Xidmət"ə buraxılmayacaq

Xahiş olunur ki, "ASAN xidmət" mobil tətbiqində növbə götürmüş, lakin hər hansı səbəbdən mərkəzə gələ bilməyən vətəndaşlar növbədən imtina etsinlər
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 29 aprel — Sputnik. "Təhlükəsizliyinin qorunması üçün "ASAN Xidmət"ə daxil olarkən maskanın taxılması vacibdir. Başlıca məqsədimiz insanların təhlükəsizliyini qorumaqdır. Qeyd edim ki, əks halda, maska taxmayan şəxslər "ASAN Xidmət"ə buraxılmayacaq". Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.

E.Niftəliyev bundan başqa, "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərinə daxil olan müraciətlərdən də danışıb: "Bildiyiniz kimi, 27 aprel tarixindən "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir: "Qeyd edim ki,  27-28 aprel tarixində vətəndaşlar tərəfindən ümumilikdə 22121 onlayn növbə götürülüb. Bunlardan 14422-si (65%) mərkəzlərə gələrək xidmətlərdən istifadə edib, 7699-u (35%) növbə alıb, lakin xidmət üçün mərkəzə gəlməyib. Onlayn növbə almaqla xidmətlərdən istifadə edən vətəndaşların 5210 nəfəri (36%) təyin olunmuş vaxtdan təxminən 2 saat öncə mərkəzə gəlmiş, 783 vətəndaş isə təyin olunmuş vaxtdan gec gəlib.

Maska taxmayanlar "ASAN Xidmət"ə buraxılmayacaq

Aparılmış təhlillər nəticəsində aşkar edilmiş hallar onu deməyə əsas verir ki, vətəndaşların təyin edilmiş vaxtlarda gəlməməsi mərkəzlərdə insanlar arasında təmasın minimallaşdırılması ilə bağlı nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, eləcədə digər vətəndaşların xidmətlərdən rahat istifadə etməsi və növbə götürməsi üçün çətinliklər yaradır".

Vətəndaşların "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində qəbulu ilə bağlı qaydaları bir daha diqqətə çatdırılır:

- Vətəndaşlar təyin edilmiş növbə vaxtının bitməsindən ən tezi 30 dəqiqə ərzində mərkəzdə ola bilərlər. Daha tez gələn vətəndaşlar mərkəzlərə buraxılmayacaqlar. Eyni zamanda növbə vaxtının bitməsindən ən çox 10 dəqiqə gec gələn vətəndaşların onlayn növbələri ləğv ediləcək;

- Maskadan istifadə etməyən vətəndaşlar mərkəzlərə buraxılmayacaqlar;

- Xahiş olunur ki, "ASAN xidmət" mobil tətbiqində növbə götürmüş, lakin hər hansı səbəbdən mərkəzə gələ bilməyən vətəndaşlar növbədən imtina etsinlər.

- Vətəndaşlarımıza tövsiyə olunur ki, yalnız zərurət halında "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərinə müraciət üzrə onlayn növbə götürsünlər. Eyni zamanda hər kəs mərkəzlərdə şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, digər şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırılır.