RUSİYA

Rusiya hələlik evdədir, son qərar gələn həftə veriləcək

"Hətta pik həddi keçsək belə, bir sıra regionlarda vəziyyət gərgin qala bilər. Qarşıda mürəkkəb və çətin bir yolumuz var", - V.Putin
Sputnik

BAKI, 28 aprel — Sputnik. Rusiyada koronavirus epidemiyasının yayılmasını ləngidə bilmişik.

Sputnik Azərbaycan bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün regionlarda koronavirusun yayılmasına qarşı mübarizə məsələlərinə həsr olunmuş müşavirədə deyib.

Rusiya ordusunda koronavirusa yoluxma halları artıb

Bununla yanaşı, Rusiya lideri qeyd edib ki, hələ yoluxmanın pik səviyyəsi keçilməyib. Onun sözlərinə görə, virusun ölümcül təhlükəsi hələ də qalır. Buna görə də koronavirusa görə məhdudiyyətlərin bir anda qaldırılması barədə danışmaq olmaz.

“Hətta pik həddi keçsək belə, bir sıra regionlarda vəziyyət gərgin qala bilər. Qarşıda mürəkkəb və çətin bir yolumuz var”, - V.Putin deyib.

Vətəndaşların təhlükəsizliyi və iqtisadiyyata dəstək məqsədilə Putin ilk növbədə may bayramları arasındakı iş günlərini də – 6-7-8 mayı - əməkhaqları saxlanılmaqla  istirahət günləri elan etmək təklifini irəli sürüb.  Beləliklə, Rusiyada qeyri-iş günləri mayın 11-dək davam edəcək.

Rusiya Prezidenti həmçinin hökumətə, "Rospotrebnadzor"a və Dövlət Şurasının işçi qrupuna mayın 12-dən sonra karantin rejimindən mərhələli şəkildə çıxmaq üçün tövsiyələr hazırlayıb, mayın 5-dək təqdim etməyi tapşırıb.

Bundan başqa, Nazirlər Kabinetinə iqtisadiyyatın və vətəndaşların dəstəklənməsi üçün təcili tədbirlərin yeni paketini, eləcə də iqtisadiyyatın artımı və gəlirlərin normallaşdırılması üzrə ümummilli plan hazırlamaq həvalə olunub.

“Hamımızdan son dərəcə nizam-intizam, mobillik tələb olunur. Biz epidemiya dalğasının azalmasına nail olmalıyıq ki, bundan sonra addımbaaddım məhdudiyyətləri səliqəylə götürə bilək”, - deyən Prezident əlavə edib ki, özünütəcrid və karantin qaydalarına nə qədər ciddi riayət olunarsa, bəla da bir elə tezliklə sovuşar.

Rusiya lideri tibb işçilərinə koronavirusa qarşı mübarizədə göstərdikləri əzmə görə təşəkkür etməyi də unutmayıb və təklif edib ki, aprelin 28-i Təcili tibbi yardım işçisi günü kimi qeyd olunsun.

“Bilirəm ki, məhz bu gün, aprelin 28-i Rusiyada qeyri-rəsmi olaraq təcili yardımın yaranma günü kimi qeyd edilir. Bu bayram münasibətilə həkimləri, feldşerləri, tibb bacıları və sanitarları, təcili yardım avtomobillərinin sürücülərini təbrik etmək istəyirəm. Belə vacib zəhmətinizə görə minnətdaram”, - Putin deyib.

Rusiyada koronavirusa yoluxanların ümumi sayı 93558 nəfərə çatıb. Onlardan 8456 nəfəri sağalıb, 867 nəfər isə dünyasını dəyişib.

Dünyada koronavirusa yoluxanların sayına görə ilk pilləni ABŞ tutur. Bu mərəzdən əziyyət çəkənlərin sırasında İspaniya, İtaliya, Fransa, Almaniya, Böyük Britaniya və Türkiyə də ön sıralardadır. Rusiya 8-ci, İran və Çin isə sonrakı pillədədir.