Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 28 aprel — Sputnik. Dünəndən Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar məhdudiyyətlərin bir qismi yumşaldılıb. Artıq bir sıra iş və xidmət sahələrində fəaliyyət bərpa olunub. Bu, həmin sahələrdə çalışanları sevindirsə də, qadağanın götürülməsi onların qarşısına növbəti problem çıxarıb.
Belə ki, sözügedən iş və xidmət sahələrində çalışanlar fəaliyyət göstərmək üçün "icaze.e-gov.az" portalında qeydiyyatdan keçməlidir. Əks halda, onların cərimələnməsi qaçılmazdır. Danılmaz faktdır ki, bu gün fəaliyyətinə icazə verilən əksər sahələrdə qeyri-rəsmi əmək münasibətləri mövcuddur. Fərdi fəaliyyət göstərənlərin çoxu vergi ödəyicisi kimi uçota düşməyib, işəgötürənlər isə öz işçilərinin hər biri ilə əmək münasibətlərini rəsmiləşdirməyib. Bu gün həmin şəxslərin "icaze.e-gov.az" portalında qeydiyyatdan keçmələri mümkün deyil.
Sputnik Azərbaycan karantin dövründə fiziki şəxslərin vergi ödəyicisi kimi uçota düşməsi, eləcə də hüquqi şəxslərin öz işçiləri ilə əmək münasibətlərini rəsmiləşdirilməsinin yollarını araşdırıb.
Vergilər Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, karantin vəziyyətinin davam etməsinə baxmayaraq, fiziki şəxslərin vergi ödəyicisi kimi uçota düşməsində, VÖEN-ə sahib olmasında heç bir problem yoxdur. Qurumdan bildirirlər ki, fiziki şəxslərin vergi ödəyicisi kimi qeydiyyata düşməsi üçün hərtərəfli imkanlar yaradılıb. Hər bir fərdi sahibkar VÖEN almaq üçün vergi orqanına getmədən www.e-taxes.gov.az vasitəsi ilə qeydiyyata düşə bilər. Bundan əlavə, bu gündən “ASAN Xidmət” də öz fəaliyyətinə başlayıb. Vergilər Nazirliyi “ASAN Xidmət” vasitəsilə də vətəndaşlara xidmət göstərir. Hər bir fərdi sahibkar istər “ASAN Xidmət”, istər də Vergilər Nazirliyinin regional bölmələrinə, idarələrinə getməklə VÖEN açdıra, ASAN imza ala bilər.
Qeyd edilib ki, Vergilər Nazirliyinin Xidmət bölmələri də fəaliyyət göstərir. Fərdi sahibkar kimi qeydiyyata düşmək istəyən şəxslər həmin Xidmət bölmələrinə gedərək, eləcə də zəng edərək ətraflı məlumat ala bilər.
"2011-ci ilin iyulun 1-dən etibarən fiziki şəxslərin elektron formada vergi uçotuna alınmasının tətbiqinə də başlanılıb. Fiziki şəxslərin elektron formada vergi uçotuna alınması www.e-taxes.gov.az İnternet Vergi İdarəsi portalının "Fərdi sahibkarların onlayn qeydiyyatı" bölməsində gücləndirilmiş elektron imza (o cümlədən ASAN imza) ilə aparıla bilər. Göründüyü kimi, fiziki şəxsin onlayn qeydiyyatı üçün gücləndirilmiş elektron imzanızın olması vacibdir. Bunu nəzərə alaraq bildiririk ki, hər bir şəxs vergi orqanlarında uçota alınmaq üçün ASAN imza əldə edib "Fərdi sahibkarın onlayn qeydiyyatı" xidmətindən də istifadə edə bilər", – deyə cavabda qeyd olunur.
Karantin milli dəyərləri gücləndirir: yardım bir mərhələylə bitməyəcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə sorğumuza cavab olaraq bildirildi ki, işçi haqq müqabilində işəgötürənin xeyrinə əmək qabiliyyətini reallaşdırırsa, bu zaman onlar arasında əmək münasibətləri yaranır. Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Əmək Məcəlləsinin 49-cu maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Karantin dövrü olmasına baxmayaraq işəgötürənin əmək müqaviləsini onlayn şəkildə elektron informasiya sisteminə daxil etməsində heç bir problem yoxdur. Əksinə bu, qeyri-formal məşğulluğun qarşısının alınmasına və əmək münasibətlərinin leqallaşdırılmasına yönələn bir addımdır. İndiyə qədər qeyri-leqal formada fəaliyyət göstərən iş adamlarının könüllü olaraq rəsmi fəaliyyətə keçməsi, digər tərəfdən isə əmək münasibətlərinin bu şəkildə tənzimlənməsi işçilərin pensiya təminatı üçün çox önəmlidir.
Təhsil üzrə ekspert Kamran Əsədov isə hazırda ən böyük çətinliyin repetitorlar üçün yarandığını söyləyir: "Xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlərin bu gündən, 27 aprel 2020-ci il tarixindən aradan qaldırılması barədə Baş Nazir qərar imzalayıb. Fəaliyyətinə icazə verilən sahələrdən biri fərdi tədris və repetitor xidmətləri (qrupda ən çoxu 10 şagird olmaqla) müəyyən edilib. Nazirlər Kabinetinin qərarında deyilir ki, məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə "icaze.e-gov.az" portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir. Deməli, repetitor xidmətini göstərən şəxsin əvvəl dərs keçdiyi yerə getməsi və evində repetitor kimi fəaliyyət göstərməsi üçün "icaze.e-gov.az" portalında qeydiyyatdan keçməlidir. Şagirdlərin repetitor xidməti almaq üçün müəllimin yanına getməsi üçün isə gün ərzində 8103-ə 2 rəqəmini yazaraq yalnız bir dəfə 3 saatlıq gedə bilər. Müəllim gün ərzində istədiyi qədər repetitor kimi fəaliyyətini davam etdirə bilər, bir şərtlə ki, "icaze.e-gov.az" portalında qeydiyyatdan olsun, amma şagird gün ərzində bu xidmətdən yalnız 1 dəfə, ondan da 3 saat ərzində istifadə edə bilər. Repetitorun "icaze.e-gov.az" portalında qeydiyyatdakı xidmətdən istifadə etmək üçün elektron və ya ASAN imzasında "möhürvurma səlahiyyəti" olmalıdir. Repetitorun "möhürvurma səlahiyyəti"nin olması üçün isə VÖEN-i olmalıdır. VÖEN - vergi ödəyicisinin eyniləşdirmə nömrəsidir. Repetitor və buna bərabər təhsil xidməti göstərən hər kəs fərdi sahibkardır, gəlir əldə edir. Onun dövlət təhsil müəssisəsində müəllim və ya digər vəzifədə çalışması buna təsir göstərmir. Repetitorlar VÖEN almaq üçün vergi orqanına getmədən cəmi 2-3 dəqiqə vaxt sərf etməklə www.e-taxes.gov.az vasitəsi ilə, və ya asan xidmət, eyni zamanda Vergilər Nazirliyinin (Xidmətinin) regional bölmələrinə, idarələrinə getməklə öz VÖEN-ini və elektron və ya ASAN imzasını ala bilər".
Qeyd edək ki, fiziki şəxslər hesabat rübü ərzində (3 ay) təqdim etdiyi işlərə, xidmətlərə görə əldə edilmiş ümumi gəlirlərin 2 faizini vergi kimi ödəməlidirlər. Vergi ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər.