CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aygün erməni həmkarıyla qucaqlaşıb oxudu, dedilər, Qarabağ "qayıtdı" - VİDEO

Azərbaycanın əməkdar artisti Aygün Bəylər erməni müğənni ilə qucaqlaşıb oxuduğu üçün sosial şəbəkə istifadəçilər tərəfindən “linç” edildi və onun telefonuna zəng çatmır
Sputnik

BAKI, 28 aprel – Sputnik, Kəmalə Əliyeva. Azərbaycanın əməkdar artisti Aygün Bəylər və erməni ifaçısı İlona Nersesovanın Rusiya paytaxtında keçirilən təntənəli mərasimlərdən birində çıxışı sosial şəbəkələrdə hiddətə səbəb olub.

Ehtimal ki, video Moskvada keçirilən xüsusi tədbirlərdən birində çəkilib. Bəylər “Tut ağacı” adlı məşhur hitini ifa edərkən erməni müğənni İlona Nersesova ona yaxınlaşıb və müğənnilər birlikdə bu mahnını Azərbaycan dilində oxumağa başlayıblar.

Mahnını ifa edərkən müğənnilər vaxt-vaxt bir-birilərini qucaqlayıblar. Sonra onlar birlikdə “Ad günün mübarək” mahnısını da ifa ediblər. Bu zaman Aygün Bəylər “Tariyel, ad günün mübarək” deyə oxuyub. Duetdən anlaşılır ki, azərbaycanlı və erməni müğənnini birlikdə Azərbaycan dilində oxumağa vadar edən şəxs Tariyel adlı imkanlı azərbaycanlıdır.

Sosial şəbəkə istifadəçiləri Azərbaycanın əməkdar artistini onun hərəkətlərinə görə tənqid ediblər. Lakin onların arasında musiqinin bütün sərhədləri və fikir ayrılıqlarını aşmaqda olduğunu qeyd edənlər də tapılıb. Erməni və azərbaycanlı YouTube istifadəçiləri arasında bu hadisəni iki xalqın əbədi dostluğu, mədəni yaxınlığı və sairlə izah edənlər də olub, hətta buna Qarabağ probleminin həllinin başlanğıcı kimi yanaşanlar da. Bəziləri isə iki xalqın düşmən olmadığını, sadəcə xalqların arasına nifaq salan şəxslərin olduğunu qeyd ediblər. Burada Aygün Bəylərə söyüş yağdıranlar, onu xəyanətdə günahlandıranlar da az olmayıb.

Sputnik Azərbaycan-ın müxbiri Aygün Bəylərlə əlaqə saxlamağa cəhd etsə də, ifaçının telefonunun daim şəbəkə xidməti xaricində olduğu müəyyən edilib.

Aygün Bəylər xalq mahnıları və muğamların gözəl ifaçısı, həmçinin öz orijinal obrazı ilə tanınır. O, tez-tez kişi geyimlərində səhnəyə çıxması, kişilərə məxsus saç düzümü və özünü əks cinsdən olanlara xas aparması ilə məşhurdur. Hazırda Aygün Bəylər estrada janrında da oxuyur.