CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ABŞ Kəşfiyyatı Zoom-un boşluqları barədə xəbərdarlıq etdi

Böyük ehtimalla hakerlər Zoom proqramının mövcud boşluqlarından istifadə edəcək və ya yeni boşluqlar tapacaqlar
Sputnik

BAKI, 28 aprel — Sputnik. Birləşmiş Ştatların Kəşfiyyat Xidmətləri bildiriblər ki, Zoom videokonfrans servisinin xarici ölkələrdən olan haker hücumları qarşısında müəyyən boşluqları var. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə ABC News Birləşmiş Ştatların Daxili Təhlükəsizlik Nazirliyinin hesabatına istinadən xəbər verir.

"Böyük ehtimalla hakerlər Zoom proqramının mövcud boşluqlarından istifadə edəcək və ya yeni boşluqlar tapacaqlar. Zoom-un qısa müddət ərzində qəfildən populyarlıq qazanması və həm dövlət, həm də özəl sektor tərəfindən istifadə olunması hücumlar üçün boşluqların olduğu mühit yaradır. Zoom-u istifadə edən və istifadə etməyə hazırlaşan istənilən təşkilat mümkün riskləri qiymətləndirməlidir", - deyə sənəddə bildirilir.

Kəşfiyyat xidmətləri vurğulayırlar ki, Zoom-la bağlı narahatlığa səbəblərdən biri də tətbiq və onun yenilələnmələrinin Çində hazırlanmasıdır: "Çinin Zoom-un serverlərinə çıxışı ABŞ-ın dövlət və özəl sektorlarından olan istifadəçilərlə iş üçün unikal imkanlar yaradır. Digər dövlətlər də öz məqsədləri üçün ZOOM-un boşluqlarından istifadə edə bilər".

Zoom-un təmsilçisi isə öz növbəsində telekanala bildirib ki, şirkət kəşfiyyat orqanlarının qənaəti ilə razı deyil və hesabatı "Zoom-un işi ilə bağlı açıq-aşkar yanlışlıqlar olan dezinformasiya" adlandırıb.