BAKI, 28 aprel — Sputnik. Rusiya ordusunun hərbi qulluqçuları arasında koronavirusa yoluxma hallarının sayı 900-ü ötüb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin saytında deyilir.
"Rusiya Federasiyasının Silahlı Qüvvələrində mart ayından aprelin 27-dək aparılmış testlər 901 hərbçidə müsbət nəticə verib", – məlumatda bildirilir.
Onlardan Rusiya Müdafiə Nazirliyinin hospitallarında 324 nəfər, xidmət yeri üzrə təcridxanalarda 176 nəfər, mülki səhiyyə sisteminin müalicə müəssisələrində 6 nəfər və evdə 395 nəfər təcrid olunmuş halda müalicə alır.
Ümumilikdə, Rusiyada 87 mindən çox koronavirusa yoluxma halı aşkar edilib.
Bir müddət öncə Müdafiə Nazirliyi COVID-19-a yoluxmuş hərbi heyət barədə məlumatları ilk dəfə olaraq açıqlayıb.