MƏDƏNİYYƏT

Onlayn tamaşa və ortaya çıxan problemlər: Teatrlarımız niyə hazır deyil?

Mütəxəssislərin fikrincə, teatrların sosial şəbəkələrdəki fəaliyyəti yaxşı təşkil olunmasa, əks effekt verə bilər.
Sputnik

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 27 aprel — Sputnik. Karantin günlərində insanların evdə qalması və günlərini ev şəraitində səmərəli keçirməsi üçün dövlət və özəl sektor tərəfindən fərqli addımlar atılır. Teatrlarımız da koronavirus pandemiyasına qarşı elan edilmiş xüsusi karantin günlərində əvvəlcədən müəyyən edilmiş repertuar əsasında virtual tamaşalar nümayiş etdirirlər.

Bakı teatrı MDB məkanında ən yaxşı teatrlar reytinqinə düşüb

Paytaxt və bölgə teatrları "Evdə qal, özünü və yaxınlarını qoru", "Biz birlikdə güclüyük" şüarları ilə həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək göstərirlər. Bir neçə həftədir ki, teatrlarımızın "Facebook" səhifəsində tamaşalar nümayiş olunsa da, onların izləyiciləri yetəri qədər deyil.

Tamaşaların izləyici sayı 30-40 nəfər təşkil edir. Onların yarısı da elə teatrların öz işçiləridir. Üstəlik, izləyici sayı tamaşanın ortaları və sonlarına yaxın azalmağa doğru gedir. Belə olduğu halda, ortaya sual çıxır: doğrudanmı, bu gün teatrlarımızın normal izləyici sayı elə 5-10 nəfərdən ibarətdir? Yoxsa virtual tamaşaların nümayişi bizdə ilk dəfə olduğu üçün say bu qədər azdır? Bəs görəsən, virtual tamaşaçıların sayının artması üçün nə etməliyik?

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimi, YUĞ Dövlət Teatrının ədəbi hissə müdiri Elçin Cəfərov Sputnik Azərbaycan-a deyib ki, koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində sosial izolyasiya işlərinin həyata keçirildiyi, kütləvi tədbirlərin, konsertlərin və tamaşaların ləğv edildiyi zamanda teatrlarımızın "Evdə qal" çağırışına qoşularaq, "Evdə qal, teatrsız qalma" adlı layihəyə başlaması müsbət haldır: "Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Akademik Musiqili Teatr, YUĞ Dövlət Teatrı, İrəvan, Lənkəran, Şəki, Mingəçevir, Ağdam, Gəncə teatrları bu təşəbbüsə qoşularaq, virtual repertuar tərtib etdilər, tamaşaların internet resurslarında yayımına başladılar. Bunu çox gözəl təşəbbüs hesab edirəm və bu işin həyata keçməsində zəhməti olan hər kəsə minnətdarlığımı bildirirəm. Bu təşəbbüs, eyni zamanda, teatrlarımızın bir sıra problemlərini aşkarladı. Əvvəla, bəlli oldu ki, teatrlarımız belə vəziyyətə hazırlıqsızdır. Teatrların İKT imkanlarından faydalanması da ürəkaçan səviyyədə deyil. Tamaşaların onlayn nümayişinin təşkilində buraxılan səhvlər göstərdi ki, bu məsələni, müəssisənin hər hansı "texnikadan bir az başı çıxan" əməkdaşına həvalə etməklə iş bitmir. Hər teatrda konkret olaraq, bu sahə üzrə işləyən səriştəli kadrlara ehtiyac var. Bizimkilər isə hələ onlayn tamaşa ilə tamaşanın onlayn, yaxud oflayn nümayişini, tamaşanın video yazısının sosial şəbəkə hesablarında yerləşdirilməsini fərqləndirə bilmirlər. Bunun onlayn teatrla heç bir əlaqəsi yoxdur. Onlayn teatr tamam başqa bir məsələdir. Bunun üçün teatrlar məxsusi çəkiliş və yayım avadanlıqları ilə təchiz edilməli, tamaşa oynanılan zaman canlı şəkildə internet resurslarında yayımlanmalıdır. O səviyyəyə çatmağımıza hələ çox var, ona görə də gəlin, "hop" deməyə tələsməyək".

Evdə bax: Azərbaycanın unikal teatrı onlayn rejimə keçdi

Teatrşünas Xəyalə Rəis isə tamaşaların əksəriyyətinin peşəkarlar tərəfindən və peşəkar kameralara çəkilmədiyini vurğulayıb: "Tək kamera ilə, ümumi planlı həvəskar çəkilişlər ancaq teatrın arxivində saxlanılmaq üçün yararlıdır. Belə videoyazıların ictimailəşdirilməsi və sosial şəbəkələrdə tamaşaçılara təqdim olunması bədii məhsulun keyfiyyətini 80-90 faiz aşağı salır. Bu addım ətraflı şəkildə düşünülərək atılmasa, əks effekt verər, tamaşaçı teatra tərəf gəlməkdənsə, ondan daha da incik düşə bilər. Və ən nəhayət, son hadisələr lakmus kağızı kimi teatrlarımızın çox ciddi tamaşaçı problemi olduğunu üzə çıxardı. Ayrı vaxt tamaşaçı problemindən söz açarkən teatr rəsmiləri (və qeyri-rəsmiləri) "bizim teatrda tamaşaçı problemi yoxdur" kimi optimist mövqedən çıxış edərək, opponentlərini susdurmağa çalışırlar. Ancaq "nəlbəkidə fırtına yaratmaqla" və gözə kül üfürərək kağız üzərində "tamaşaçı planını" doldurmaqla problem həll olunmur. Bax, o tamaşaların baxış sayı var ha, onlar bizim əsl tamaşaçılarımızın sayıdır. Zorla teatra gətirilən, zala doldurulan tamaşaçıların, xahiş-minnət, hədiyyə-hörmətlə müəssisələrə satılan biletlərin yox. Teatrlarımızın sosial şəbəkələrdə nümayiş etdirdiyi tamaşaların baxış sayı, orta hesabla 50-70 arasında dəyişir. Reach (paylaşımın göstərildiyi istifadəçilərin sayı), reaksiya (like, dislike, emoji, şərh, paylaşım və s.) və "post engagement"lə (paylaşımın ünsiyyət, yaxud cəlb olunma dərəcəsi) ilə bağlı da eyni vəziyyət müşahidə olunur”.