Dünya evdə oturmaqdan bezdi: Azərbaycanla eyni gündə, amma fərqli addım atırlar

Ən sərt məhdudlaşdırıcı tədbirlərin tətbiq olunduğu İspaniyada da bəzi qadağalar yumşaldılacaq. Belə ki, aprelin 27-dən etibarən İspaniyada 14 yaşdan kiçik uşaqlar gəzinti üçün evdən çıxa bilərlər
Sputnik

BAKI, 27 aprel — Sputnik. Bu gündən etibarən bir sıra ölkələr yeni növ koronavirusun yayılması ilə bağlı tətbiq etdikləri məhdudlaşdırıcı tədbirləri yumşaldır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, məhdudiyyətlərin ən çox aradan qaldırıldığı ölkələrdən biri Çexiyadır.

Belə ki, artıq ötən cümə günündən etibarən Çexiya rəhbərliyi öz vətəndaşlarına istirahət məqsədi də daxil olmaqla, xarici ölkələrə səfər etməyə icazə verib. Bundan əlavə, vətəndaşların öz evlərini tərk etməsinə və on nəfərdən az olan qruplarla hərəkətinə də icazə verilir. Karantinin yumşaldılmasına dair yeni qrafikə əsasən, aprelin 27-dən 2,5 min kvadrat metrə qədər sahəsi olan ticarət mərkəzləri, həmçinin fitnes mərkəzləri, kitabxana, zooparklar (qapalı məkanlar istisna olmaqla), kilsələr açıla bilər.

Azərbaycana koronavirus xəbərdarlığı - Vəziyyət çox gərginləşə bilər

Xorvatiya hökuməti də aprelin 27-dən ölkə iqtisadiyyatının və ictimai həyatın mərhələli şəkildə bərpası planını təqdim edib. Nazirlər Kabinetinin planı üç mərhələdən ibarətdir. Plana əsasən, öncə mağazalar açılmalıdır, may-iyun aylarında mərhələli şəkildə şəhərlərarası və beynəlxalq nəqliyyat işə düşməli, həmçinin təhsil və səhiyyə müəssisələri, idman və mədəniyyət mərkəzləri fəaliyyət göstərməlidir.

İsveçrədə də koronavirusla bağlı məhdudiyyətlər üç mərhələdə ləğv olunacaq. Aprelin 27-dən ümumi yardım üçün tibb otaqları, stomatoloji kabinetlər, gözəllik və masaj salonları, avtoyuma məntəqələri və təsərrüfat malları mağazaları açılacaq.

Yunanıstanda isə koronavirus məhdudiyyətlərinin ləğvi 63 gün çəkəcək. Planın icrası isə pandemiyanın inkişafından asılı olaraq dəyişə bilər. Gözlənilir ki, ölkənin Baş Naziri Kiriakos Mitsotakis detalları həftənin əvvəlində xalqa müraciətində bildirsin. Ehtimal olunur ki, aprelin 27-si bəzi dövlət qurumları yenidən insanlara xidmət göstərəcək, ipoteka kontorları, dünya və birinci instansiya məhkəmələri fəaliyyətə başlayacaq.

Gürcüstan hökuməti də aprelin 27-dən bəzi məhdudiyyətləri aradan qaldıracaq. Belə ki, bazar ertəsindən bəri ölkədə minik avtomobillərinin, taksilərin hərəkətinə, onlayn-ticarətə, bundan əlavə istənilən məhsulların çatdırılmasına icazə verilir, həmçinin bəzi aqrar bazarların açılması nəzərdə tutulur.

Ən sərt məhdudlaşdırıcı tədbirlərin tətbiq olunduğu İspaniyada da bəzi qadağalar yumşaldılacaq. Belə ki, aprelin 27-dən etibarən İspaniyada 14 yaşdan kiçik uşaqlar gəzinti üçün evdən çıxa bilərlər.

Məcburi "yarış": iştirakçıların sayı 3 milyona yaxınlaşır

Qeyd edək ki, bu gündən etibarən Azərbaycanda da karantin rejimi yumşaldılır. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, fərdi tədris və repetitor xidmətlərinə, kitab, geyim, zərgərlik məmulatı və s. satışı ilə məşğul olan obyektlərə işləməyə icazə verilir. Eləcə də yaşayış yerini tərk etmək üçün 8103 nömrəsinə SMS məlumat göndərilərkən gələn icazələrin müddəti 2 saatdan 3 saatadək artırılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2,9 milyonu keçib, 206 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.