CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycana koronavirus xəbərdarlığı - Vəziyyət çox gərginləşə bilər

Ümumdünya Səhiyyə Təşkilatının üzvü bildirib ki, artıq xəstəliklə bağlı 2 vaksin üzərində araşdırma aparılır və yaxın vaxtlarda sınağa buraxılacaq
Sputnik

BAKI, 27 aprel — Sputnik. Əgər karantin rejimi ləğv olunarsa və insanlar tətbiq edilən qadağalara əməl etməzlərsə, vəziyyət çox gərginləşə bilər. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bir müddət əvvəl Azərbaycana gələn Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Turanə Rəsulova deyib. Onun sözlərinə görə, nəinki Azərbaycanda, eləcə də bütün dünyada koronavirus yenidən daha pis formada baş qaldıra bilər.

Odur ki, insanlar mütləq qaydada qoyulan bütün tələblərə əməl etməlidirlər. Ümumdünya Səhiyyə Təşkilatının üzvü həmçinin bildirib ki, artıq xəstəliklə bağlı 2 vaksin üzərində araşdırma aparılır və yaxın vaxtlarda sınağa buraxılacaq.

Turanə Rəsulova əlavə edib ki, Bakıdakı yoxlama işləri yüksək səviyyədə gedir. ÜST-ün nümayəndələri yaxın vaxtlarda bölgələrə də səfər edərək oradakı vəziyyəti yerində araşdıracaqlar.