Azərbaycanda koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və əhalinin sosial rifahına təsirinin qarşısının alınması istiqamətində görülən tədbirlər mövcud vəziyyətə adekvatdır və insanlarımız tərəfindən yüksək qiymətləndirilir. Pandemiyadan əziyyət çəkən biznes strukturları, sahibkarlıq subyektlərinə dövlət tərəfindən mühüm dəstək göstərilir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
“Prezident İlham Əliyev aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirilən iclasda görülən tədbirlərin genişləndiriləcəyini bəyan etdi. Artıq biz bu tədbirlərin həyata keçdiyinin şahidiyik. İlkin olaraq koronavirusla bağlı ümumi dəstək paketi 2,5 milyard manat nəzərdə tutulurdu, lakin həmin iclasda cənab Prezident əlavə tapşırıqlar nəticəsində bu rəqəmin 3 milyard manat təşkil etdiyini və vəziyyətdən asılı olaraq 3,5 milyard manatı keçə biləcəyini bəyan etdi. Görülən bu tədbirlər nəticəsində ölkədə karantin rejimi dövründə insanların normal yaşaması üçün hər bir şərait yaradılıb. Bütün görülən işlər Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir”, - deyə deputat bildirib.
Nəsib Məhəməliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz