BAKI, 26 aprel – Sputnik. “Azəriqaz” İstehsalat Birliyi aprelin 26-dan etibarən qazanxanaların qaz təchizatını dayandırır.
"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov "Report"a bildirib ki, bu addım “Azəristiliktəchizat” ASC-dən daxil olan telefonoqram əsasında atılıb.
"Belə ki, bu gün səhər saatlarında adı çəkilən qurumdan daxil olan telefonoqramda payız-qış mövsümünün başa çatması ilə əlaqədar “Azəristiliktəchizat” ASC-nin balansında olan (isti suya işləyəcək qazanxanalardan başqa) bütün qazanxanaların qaz təchizatının dayandırılmasına göstəriş verilməsi xahiş olunub", - o qeyd edib.
Qeyd edək ki, bir neçə gün öncə karantin rejimi dövründə qazanxanaların qaz təchizatının aprelin 30-dək davam etdirilməsi tövsiyə olunmuşdu.