İQTİSADİYYAT

İpoteka kreditlərinə güzəştlər edilir

Bu tədbir nəticəsində 1,1 mlrd. manat həcmində ipoteka krediti üzrə 23 minə yaxın sayda borcalanın faydalanması imkanı yaranacaq
Sputnik

BAKI, 25 aprel — Sputnik. Fiziki şəxslərin (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) dəstəklənməsi istiqamətində görülən tədbirlərə əsasən, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinin restrukturizasiya imkanları yaradılacaq.

Sputnik Azərbaycan-a bu barədə Azərbaycan Mərkəzi Bankından daxil olan məlumatda bildirlir. Xəbərdə qeyd edilir ki, bu tədbir nəticəsində 1,1 mlrd. manat həcmində ipoteka krediti üzrə 23 minə yaxın sayda borcalanın faydalanması imkanı yaranacaq. Kreditlər borcalanların müraciəti əsasında restrukturizasiya olunacaq. 1 mart 2020-ci il tarixinədək verilmiş və keyfiyyəti qənaətbəxş olan belə kreditlərin restrukturizasiyası 30 sentyabr 2020-ci ilədək həyata keçirildiyi halda onların keyfiyyəti pisləşdirilməyəcək. Eyni zamanda, bankların öz vəsaitləri hesabına ipoteka kreditləşməsini stimullaşdırmaq məqsədilə bu kateqoriyadan olan kreditlər üzrə risk dərəcələrinin 100%-dən 50%-dək azaldılması barədə qərar qəbul edilib.