Gürcüstanın azərbaycanlılar yaşayan vilayətində daha üç kəndə giriş-çıxış bağlandı

Qeyd edək ki, Gürcüstanın Bolnisi vilayəti martın 23-dən karantinə bağlanılıb, lakin kəndlər arasında gediş-gəliş sərbəst idi.
Sputnik

BAKI, 25 aprel — Sputnik. Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi vilayətində daha üç kənddə sərt karantin rejimi tətbiq olunub. Sputnik Gürcüstan xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bu günə olan məlumata görə, Bolnisi vilayətində koronavirusa 80 yoluxma faktı qeydə alınıb. Son sutka ərzində isə bu virusa 19 yeni yoluxma faktı qeydə alınıb. Ümumilikdə bu vilayətdə COVİD-19 pandemiyasından 2 nəfər ölüb, 4 nəfər isə sağalıb.

Koronavirusun yayılmasının qarşısını almaq üçün ölkə rəhbərliyi Xatisopeli, Vanati və Muşevani kəndlərində ciddi karantin rejimi tətbiq edib və yaşayış məntəqələrinin giriş-çıxışında blokpostlar qurub.

Qeyd edək ki, Gürcüstanın Bolnisi vilayəti martın 23-dən karantinə bağlanılıb, lakin kəndlər arasında gediş-gəliş sərbəst idi.

Xatırladaq ki, Gürcüstanda koronavirus infeksiyasına yoluxan şəxslərin sayı 456-ya çatıb.

Məlumata əsasən, son 24 saat ərzində daha 15 nəfərdə koronavirus aşkarlanıb. Virusa yoluxan şəxslərdən 132-si sağalıb, 5-i ölüb. Hazırda bu ölkədə 4494 nəfər karantində, 555 nəfər isə tibb işçilərinin nəzarəti altında saxlanılır.

Qeyd edək ki, Gürcüstan hökuməti Tbilisi də daxil olmaqla, ölkənin dörd böyük şəhərinə 10 gün müddətinə giriş-çıxışı bağlayıb.

"Aprelin 15-i saat 21:00-dan etibarən ölkənin dörd böyük şəhərinə - Tbilisi, Rustavi, Batumi və Kutaisiyə giriş-çıxış 10 gün müddətinə bağlanır", - deyə Qaxariya qeyd edib. Bundan əlavə, aprelin 17-dən ölkədə şəxsi minik avtomobillərinin hərəkəti tam dayandırılıb.

Qeyd edək ki, koronavirus pandemiyası ilə bağlı bütün ölkədə karantin rejimi tətbiq olunub. Qərar 31 martdan qüvvəyə minib. Saat 21:00-dan 06:00-a qədər komendant saatı tətbiq olunub.