CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

TƏBİB rəhbəri: “Karantinin tam aradan qalxması kütləvi yoluxmaya səbəb ola bilər”

R.Bayramlı qeyd edib ki, vaksinasiya probleminin yaxın bir il ərzində həll olunması sual altındadır: "Ona görə vətəndaşlar bu məsələyə ciddi yanaşmalı və arxayınlaşmamalıdırlar"
Sputnik

BAKI, 25 aprel — Sputnik. "Karantin rejiminin tətbiqi ilə ölkədə virusun kütləvi yayılmasının qarşısı alınıb".

Sputnik Azərbaycan xəbər verir ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

"Koronavirus bitməyəcək və ən azı bir il bizlə birgə olacaq" - ÜST rəsmisi

O bildirib ki, tədbirlərin yumşaldılması və karantin rejiminin mərhələli ləğvi zərurəti yaranıb:

"Bir sıra ölkələr bu rejimdən mərhələli şəkildə çıxmağa hazırlaşır. Karantin tədbirlərinin tam aradan qaldırılması yenidən kütləvi yoluxma dalğası gətirə bilər. Ona görə də karabtin rejimi mərhələli şəkildə ləğv edilməlidir".

R.Bayramlı qeyd edib ki, vaksinasiya probleminin yaxın bir il ərzində həll olunması sual altındadır:

"Ona görə vətəndaşlar bu məsələyə ciddi yanaşmalı və arxayınlaşmamalıdırlar".

Ramin Bayramlı deyib ki, Azərbaycanda xarici vətəndaşlar arasında yoluxma 13.16% təşkil edir.

Onun sözlərinə görə, Bakıda koronavirusa yoluxan şəxslərin sayı 50 faizdən çoxdur: "Hazırda Azərbaycanda 558 aktiv koronavirus xəstəsi var. Onlardan 20-si reanimasiyadadır. Onlar da əsasən Mərkəzi Neftçilər Xəstəxanası və "Yeni klinika"da müalicə alır. 7 nəfər isə süni nəfəs aparatına qoşulub".