SƏHİYYƏ

“Əlcək taxan insanlar daha təhlükəli görünür”

"Pandemiya yenidən alovlana bilər. Çünki virusun peyvəndi, dərmanı yoxdur. Bu səbəbdən insanları fiziki olaraq bir-birindən ayırmalıyıq"
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 24 aprel — Sputnik. "Yoluxma rəqəmlərinin azalması rahatlaşmaq üçün əsas vermir. Bu mövzuda rahatlaşmaq hələ tezdir. Bu yeni bir dünyadır və daha oyanıq olmalıyıq. Pandemiya yenidən alovlana bilər. Çünki virusun peyvəndi, dərmanı yoxdur. Bu səbəbdən insanları fiziki olaraq bir-birindən ayırmalıyıq".

Sputnik Azərbaycan-ın xəbərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının Bakı ofisinin rəhbəri Hande Harmancı jurnalistlər üçün təşkil olunan virtual konfransda belə deyib.

Konfransda eyni zamanda əlcək istifadəsinə də toxunulub. H.Harmancı əksəriyyətin əlcəyi yanlış istifadə etdiyini bildirib: "Əlcək taxan insanlar daha təhlükəli görünür. Əlcək taxanlar elə bilir ki, əl yumağa ehtiyac yoxdur. Əl yumaq sizi əlcəkdən daha yaxşı qoruyur. Çünki əlcək taxarkən saçınıza, başınıza, üzünüzə toxunursuzsa, sonradan onu tullasanız belə, yenə də saçınıza, əşyalarınıza toxunduqda virus sizə keçə bilər. Onu qeyd edim ki, bu gün küçədə apardığım müşahidələrimə əsasən deyə bilərəm ki, əhalinin 95 faizi əlcəyi yanlış istifadə edir. Eyni zamanda, maska ilə bağlı da bənzər fikirlər söyləmək olar. Maska çıxarıldıqda dərhal tullanılmalıdır. Beləcə insanlar gərək özlərini aldatmasınlar".